Accessibility links

Təbriz millət vəkili: Səfirliklərə hücumlara birdəfəlik son qoyulmalıdır


Məsud Pezeşkiyan
Məsud Pezeşkiyan

İranın sabiq Səhiyyə Naziri və Təbrizin hazırkı millət vəkili iranlıların Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumu və səfirlik binasını yandırmasına münasibət bildirib.

Məsud Pezeşkiyan olayların dünya ictimaiyyətində İran İslam Respublikasına böyük zərər vurduğunu və İranı beynəlxalq konvensiyalara əməl etməyən bir ölkə olaraq göstərdiyini ifadə edib.

Təbrizdə Nasr News adlı internet qəzetinə müsahibə verən tanınmış urmiyəli siyasətçi səfirliyə hücumun diplomatik protokolda pis anlam daşıdığını və dünya ictimaiyyəti üçün qəbu edilməz olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanının Tehrandakı səfirlik binasında alov. 3 yanvar, 2016.
Səudiyyə Ərəbistanının Tehrandakı səfirlik binasında alov. 3 yanvar, 2016.

“Bu səhvə İngiltərə səfirliyinə hücum zamanı da yol verildi. Bunun təkrar edilməsi qəti şəkildə ölkəmizin xeyrinə deyil. Bu gün dünya mediasında Səudiyyə Ərəbistanı səfirliyinə hücum Şeyx Nimrin edamından daha çox gündəmdədir. İran diplomatik çərçivələrə məhəl qoymayan bir ölkə kimi görünür,” deyə sabiq nazir söyləyib.

Məsud Pezeşkiyan İranda xarici səfirliklərə hücumlara birdəfəlik son qoymağın zəruri olduğunu vurğulayıb.

İran və Səudiyyə Ərəbistanı 1979-cu ildə şiə ruhanilərin hakimiyyətə gəlməsi ilə nəticələnən İran inqilabından bəri müsəlman dünyasında liderlik uğrunda rəqabət aparır.

XS
SM
MD
LG