Azərbaycan Ali Məhkəməsində gənc fəal, bloger Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılıb. Bu ilin mayında o, orduya çağırışdan yayınma ittihamı ilə 2 i müddətinə azadlıqdan məhrum edilib.
Turan Agentliyinin məlumatına görə, məhkəmə proses açıq rejimdə keçirilib. Hakim bildirib ki, cənab Hacıyev prosesdə iştirak etmək istəməyib. Lakin vəkil Sadiq Bağırov qeyd edib ki, Hacıyev prosesdə iştirak etmək istəyir və dünən məhkəməyə bu barədə teleqram göndərilib. Vəkil hakimdən teleqramı alıb-alamdığını soruşub?
Buna cavabda hakim belə bir sualla cavab verdi: “Sizcə, axşam göndərilmiş teleqram bu gün gələ bilərdimi?”
Daha sonra vəkil kassasiya şikayətinin arqumentlərindən danışıb və üç vəsatətlə çıxış edib. Birinci vəsatətdə Konstitusiya Məhkəməsinə “Hərbi xidmət haqqında” qanunda alternativ xidmət haqqında normanın olmamasını nəzərə alaraq, qanunun Konstitusiyaya uyğunluğu haqqında sorğu göndərilməsi nəzərdə tutulur.
İkinci vəsatət Hacıyevin Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş azadlıq hüququnun pozulduğunu tanımaq tələbinə aid olub. Belə ki, Hacıyevin həbs edilməsi haqqında qərar qanunsuz olaraq polisin ifadəsi əsasında, müdafiə tərəfi dinlənilmədən qəbul edilib.
Vəkil həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının işgəncələrin qadağan edilməsi haqqında 3-cü maddəsinin pozulduğunu qəbul etməyi tələb edib. Vəkilin sözlərinə görə, Hacıyev saxlandıqdan sonra işgəncələrə məruz qalıb. O xatırladıb ki, prokurorluq işgəncə faktı üzrə cinayət işi açmaqdan imtina edib.
Öz növbəsində, hakim Hacıyevin alternativ xidmət keçmək istəyinin başqa dinə etiqad etməsi ilə əlaqədar olub-olmadığını soruşub.
Vəkil deyib ki, Hacıyev müsəlmandır və alternativ xidmət keçmək istəyi dini baxışları ilə bağlı deyil. Oqeyd edib ki, iş əqidədə deyil, Hacıyevin siyasi fəaliyyətinə görə təqib olunmasındadır. Sonda vəkil cinayət işinə xitam və Hacıyevə bəraət verilməsini xahiş edib.
Daha sonra dövlət ittihamçısı Mahir Abbasov deyib ki, alternativ xidmət hüququnun həyata keçirilməsi haqqında qanun olmasa da, ölkə “elan olunmamış müharibə” şəraitində yaşayır. M.Abbasov bütün vəsatətlərə qarşı çıxıb və məhkəmədən kassasiya şikayətini rədd etməyi xahiş edib.
Müşavirədən sonra hakim Bəxtiyar Hacıyevin şikayətinin təmin edilmədiyini elan edib.
Hökmlə bağlı şərh verən vəkil deyib ki, bu qərar gözlənilən idi və Azərbaycanda ədalətli mühakimətə nail olmaq mümkün deyil. “Buna görə biz həqiqətə Avropa İnsan Hüquqları Məhkəməsində nail olacağıq”, -deyə o qeyd edib.
Bəxtiyar Hacıyev 7 noyabr 2010-cu il parlament seçkilərində deputatlığa namizədliyini irəli sürüb. Seçkilərdən sonra saxtakarlıqlarla bağlı sübutlar təqdim edib. O, həmçinin Facebook sosial şəbəkəsində martın 11-nə təyin edilmiş “Böyük Xalq Günü” etiraz aksiyasının təşkilatçılarından biri idi. Lakin aksiya ərəfəsində, martın 4-də cənab Hacıyev Gəncədə orduda çağırışdan yayınma ittihamı ilə həbs olunub. Mayın 18-də Gəncə şəhər Nizami rayon Məhkəməsi onu 2 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Gəncə Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Bir çox yerli və beynəlxalq hüquq-müdafiə qurumları Bəxtiyar Hacıyevi siyasi məhbus kimi tanıyıb. Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı isə cənab Hacıyevi “vicdan məhbusu” elan edib.