Aİ ilə Azərbaycan readmissiya və viza sadələşdirilməsi sazişi imzalayacaq

Avropa İttifaqı və Azərbaycanın bayraqları

Sazişin noyabrın 28-29-da Vilnüsdə imzalanması gözlənilir
Oktyabrın 1-də Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsinin 14-cü iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, iclasda Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Həmçinin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində fəaliyyət və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Aİ ilə Azərbaycan arasında readmissiya və viza sadələşdirilməsi sazişinin paraflanmasından məmnunluq ifadə edilib. Azərbaycan tərəfi bu sənədlərin bu ilin 28-29 noyabrında Vilnüs şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı Zirvə Toplantısı zamanı imzalana bilməsi üçün lazım olan hüquqi prosedurların sürətləndiriləcəyinə ümid etdiyini bildirib.

Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat, habelə təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bununla bağlı Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında Azərbaycanın mühüm rolu vurğulanıb və Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin Azərbaycanda seçkiqabağı vəziyyət, demokratiya, insan hüquqları və mətbuat azadlığının gücləndirilməsi istiqamətində görülmüş işlərə də toxunulub.