Afşar Süleymani: Siyasi ədalət odur ki, hər xalq sayına görə İran hakimiyyətində yerini tutsun [Audio-Müsahibə]

Afşar Süleymani

Afşar Süleymani prezident seçkiləri namizədləri arasında həm İranın tamamı həm də ölkənin qeyri-fars cəmiyyətləri üçün ən yaxşı alternativin Həsən Ruhani və İshaq Cahangiri olduğunu vurğulayır. İranın Azərbaycandakı keçmiş səfiri Amerikanın Səsinə müsahibədə qarşıdan gələn prezident seçkilərində mötədil-islahatçı və muhafizəkar qüvvələr arasındakı yarışı dəyərləndirib.

Your browser doesn’t support HTML5

Afşar Süleymani İran seçkilərini şərh edir


Süleymani müsahibədə həmçinin namizədlər arasında Azərbaycandan heç bir siyasətçinin olmadığına diqqət çəkərək ümumiyyətlə türklər və Azərbaycana dair “siyasi ədalət”-in təmin olunmadığına işarə edib.

Onun fikrincə, kimin prezident seçiləcəyindən asılı olmayaraq İran parlamentindəki türk vəkillər türklərin hakimiyyətdə payını almaq üçün ciddi çalışmalar aparmalıdırlar.

Prezidentliyə bizdən namizəd olsaydı onu dəstəkləməli idik... Eyni zamanda nazirlər kabinetinin ən azından 30 faizi bizdən olmalıdır. Siyasi ədalət budur ki, biz öz payımızı ala bilək.
Afşar Süleymani

Cənab Süleymani “İranda hər şeyin prezident və hökümətin əlində olmadığını” nəzərə alaraq prezident Ruhaninin verdiyi vədlərin çoxunun yerinə yetirdiyini irəli sürür.

O, Həsən Ruhaninin uğurlarının əsasən xarici siyasət sahəsində əldə edildiyini söyləyir:

“Öncəliklə bunu söyləyə bilərəm ki, cənab Ruhani hökümətinin xarici siyasət üzrə işləri gerçəkdən çox səmərəli idi... Çalışdılar ki, xarici ölkələr və beynəlxalq təşkilatlar ilə əlaqələri genişləndirsinlər, etimad qazansınlar, qarşılıqlı etimadı dərinləşdirsinlər və əməkdaşlıqları yüksəltsinlər. Əlbəttə həll olmayan məsələlər də var. O da ondan qaynaqlanır ki, hər şey də İranın ya digər ölkələrin əlində olmur. Bölgədə böhranlar var...”

Sabiq səfirin fikrincə, xarici əlaqələrə dair bəzi problemlərin çözülməsi iqtisadi sahədə də müəyyən uğurlarla nəticələnib.

Namizədlikləri qeydiyyata alınan siyasətçilər


Onun dediklərinə görə, “nüvə danışıqları nəticəyə çatdı və onun iqtisadi sahələrdə səmərələrinə şahid olduq. Əlbəttə tənqidlər də vardır. Amma mən belə düşünürəm ki, keçmiş prezident Mahmud Əhmədinejad İranı bir vəziyyəti qoymuşdu ki, cənab Ruhani gəlməsəydi və bu işləri görməsəydi [vəziyyət dəyişməzdi]. Əlbəttə ümumiyyətlə sistem də, yəni yuxarıda İranın ali rəhbəri də buna yaşıl işıq göstərməsə idi, bu imkan olmayacaq idi...”

Həm İran xalqına həm İrandakı millətlər yəni, türklər, ərəblər, kürdlər, bəluçlar, giləklər və lurlar üçün ən yaxşısı Həsən Ruhani ya İshaq Cahangirinin seçilməsidir.
Afşar Süleymani

O, əlavə edir, “muhafizəkar namizədlər bütün çıxışlar və təbliğatlarında 8 illik Əhmədinejad dönəmində vəziyyət nə qədər pisləşmişdi, bunu Ruhaninin boynuna atırlar. Misal üçün işsizlik məsələsi habelə yoxsul və zəif sinifləri qabardırlar və onlardan səs almaq istəyirlər. Amma, məncə İran xalqı səkkiz illik Əhmədinejad dövrünü təcrübə edib və tuzağa düşməz, düz seçimini yapar.”

Afşar Süleymani Həsən Ruhaninin Azərbaycan əhalisinə verdiyi sözlər, o cümlədən Türk Dil Qurumunun təsisinə dair vədini yerinə yetirmədiyinin səbəbini də “İranda hər şeyin prezidentin əlində olmadığı”nı önə çəkərək açıqlayır:

“İran İslam Respublikasının strukturu belədir ki, hər şeyi prezident həll edə bilmir. Bu real bir məsələdir və həmiş belə olmuşdur... Hökümət bir kabinetdir və sadəcə bəzi işləri görə bilir. Məclis var. Məhkəmə sistemi var. Ali rəhbərin əhatəsində güclü orqanlar və təşkilatlar var ki prezidentə tabe deyillər. Hərbi qüvvələr və ordu prezidentə tabe deyil. Bunlar sadəcə hökümət yox, məclisə də cavabdeh deyillər.”

Məclis var. Məhkəmə sistemi var. Ali rəhbərin əhatəsində güclü orqanlar və təşkilatlar var ki prezidentə tabe deyillər. Hərbi qüvvələr və ordu prezidentə tabe deyil. Bunlar sadəcə hökümət yox, məclisə də cavabdeh deyillər.
Afşar Süleymani

O, bütün bunlara baxmayaraq yenə də qeyri-fars cəmiyyətlər üçün ən yaxşı alternativin mötədil-islahatçı qrupların dəstəklədiyi namizədlər olduğunu vurğulayır:

“Həm İran xalqına həm İrandakı millətlər yəni, türklər, ərəblər, kürdlər, bəluçlar, giləklər və lurlar, bunların hamısı üçün yenə də Həsən Ruhani və İshaq Cahangirini [ən doğru seçim bilirəm]... Təbii ki, mən bunu bu 6 namizəd arasında deyirəm. İranda mümkün olsaydı, Ruhani və Cahangiridən də yaxşıları var idi. Amma, mən əminəm ki, bunların ikisindən biri olmasa, indiyə qədər əldə etdiklərimiz də əldən gedər.”

İranın Azərbaycandakı sabiq səfiri namizədlər arasında Azərbaycandan heç bir siyasətçinin olmadığına dair düşüncələrini də Amerikanın Səsi ilə paylaşır.

“Əlbəttə mən arzu edərdim ki, türklərdən, Azərbaycandan güclü siyasətçilər də namizədlər arasında olaydı... Siyasi ədalət odur ki, bütün xalqlar sayına əsasən İran İslam Respublikasında öz yerlərini tutsunlar. Yəni ən azından prezidentliyə bizdən namizəd olsaydı, versəydilər, təbii ki, güclü olsaydı biz onu dəstəkləməli idik... Eyni zamanda nazirlər kabinetinin ən azından 30 faizi bizdən olmalıdır. Məncə siyasi ədalət budur ki, biz öz payımızı ala bilək. İndi parlamentdə yüzə yaxın türk vəkil var. Onlar da, prezident hər kim olsa, bu payı almalıdırlar,” deyə o əlavə edir.