Adam Sterlinq: Amerika toplaşmaq azadlığı mövqeyinə sadiqdir

ABŞ-ın müvəqqəti işlər vəkili toplaşmaq azadlığı və vicdan məhbusları ilə bağlı suallara cavab verib .

“ABŞ toplaşmaq azadlığı məsələsi üzrə mövqeyinə sadiqdir. Bu mövqe toplaşmaq azadlığının təmin edilməli olmasından, bunun hər bir vətəndaşın hüququ olmasından ibarətdir” ABŞ hər zaman bütün dünyada siyasi məhbusların azad edilməsinə çalışır. Bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərin Bakı meriyasının müxalifətə paytaxtın mərkəzində mitinq keçirməyə icazə verməməsini şərh etmək xahişinə cavabda bildirib.
“Biz həm fərdi görüşlərimizdə, həm də ictimai görüşlərdə, xüsusən konqresə verdiyimiz hesablarda bu məsələni qaldırırıq. Diplomat olaraq bizim vəzifəmiz cəmiyyətin bütün spektrlərinin nümayəndələri ilə görüşlərdən ibarətdir və biz onların öz siyasi hüquqlarından istifadə etmək cəhdlərini diqqətlə izləyirik”, - deyə cənab Sterlinq qeyd edib.
ABŞ “Amnesty İnternational”ın Azərbaycan hakimiyyətini “vicdan məhbuslarını” azad etmək çağırışına qatılırmı? - sualına cavabda o deyib ki, bu müraciətin mətni ilə tanış deyil. “Amma şübhəsiz, ABŞ hər zaman bütün dünyada siyasi məhbusların azad edilməsinə çalışır”.