Azərbaycan milli hərəkatının tanınmış fəalı Abbas Lisani İranın mərkəzində yerləşən Yəzd şəhərindən Ərdəbilə qayıdıb və milli fəallar tərəfindən qarşılanıb.
“Abbas Lisani” Telegram kanalında yayımlanan xəbərə görə, güneyli fəal 4 il həbs cəzasını çəkdikdən sonra Yəzdə köçürülüb, lakin o, fevralın 23-də Ərdəbilə qayıdıb.
Abbas Lisani fevralın 21-də Ərdəbil həbsxanasından azad edildikdən sonra 2 illik sürgün cəzasını çəkmək üçün polisin müşayiəti ilə Yəzd şəhərində məhkəməyə, sonra isə kəşfiyyat idarəsinə aparılıb. O, inzibati prosedurların bitməsindən sonra hər gün Yəzd şəhərinin kəşfiyyat idarəsinə müraciət edərək, barmaq izi götürülməsi şərti ilə buraxılıb.
Fevralın 22-də günortadan sonra o, yaxınlarına zəng edərək Yəzd şəhərində sürgün cəzasına tabe olmayacağını və Ərdəbilə qayıdacağını bildirib.
Abbas Lisani fevralın 23-ü axşam saatlarında öz evində Azərbaycan Milli Hərəkatı fəalları tərəfindən qarşılanıb.
Güneyli siyasi məhbusun vaxtından əvvəl azadlığa buraxılması İranda məhkəmə sisteminin elan etdiyi "ümumi əfv sərəncamı" çərçivəsində həyata keçirildiyi güman edilir.