Birləşmiş Ştatlar və İranın yüksək səviyyəli rəsmiləri martın 31-I razılığın əldə olunması üçün qoyulmuş son möhlət yaxınlaşdıqca səyləri gücləndirərək, şənbə günü ilk dəfə olaraq İranın nüvə proqramı ətrafında danışıqlara qoşulub.
İranın Atom Enerjisi təşkilatının başçısı Əli Əkbər Salehi və ABŞ-ın Energetika naziri Ernst Monitz danışıqlarda iştirak etmək üçün Cenevrədədir.
Onların müzakirələrdə iştirakı ilə İran dünyanın altı qüdrətli dövlti arasında razılığın əldə olunması qarşısında bəzi texniki problemlərin həllinə kömək edəcəyi gözlənilir.
İran və ABŞ, Britaniya, Çin, Fransa, Almaniya və Rusiyanın nümayəndələrindən ibarət olan qrup arasında əldə edilməsi gözlənilən razılaşmaya əsasən, İranın nüvə proqramının sanksiyaların yüngülləşdirilməsi müqabilində məhdudlaşdırılması nəzərdə tutulur.
ABŞ Dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə iki günlük müzakirələr aparmaq üçün bazar günü Cenevrəyə yollanacaq.
Cenevrəyə səfərdən öncə Londonda Britaniyanın Xarici işlər naziri ilə görüşən Con Kerri beynəlxalq vasitəçilərdən ibarət qrupun İranla bağlı vahid mövqedən çıxış etdiyini bildirib.