Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib [Video]

Your browser doesn’t support HTML5

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib

“Münasibətlərimizdə enişli-yoxuşlu məqamlar həmişə olsa da ABŞ və Azərbaycan güclü tərəfdaşlığa malikdir”, səfir Riçard Morninqstar qeyd edib

Iyulun 3-də ABŞ-ın Bakıdakı səfirliyində Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibəti ilə qəbul olub.

Qəbulda Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, müxalifət liderləri, QHT rəhbərləri, ictimai xadimlər, ziyalılar, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycandakı missiyalarının təmsilçiləri iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar müstəqilliyin 238-ci ilinin olduğuna işarə edərək deyib ki, çoxları Amerikanın demokratik təcrübəsinin ömrünün qısa olacağını güman edirdi.

“Lakin biz bu gün buradayıq. Demokratiya çox vaxt nizamsız olur. Bu proses həmişə asan olmur və ölkəmiz, əlbəttə çətin dövrlərdən keçib. Lakin biz şəxsi azadlıqlara imkan yaratdıqca və bütün vətəndaşların hüquqlarına hörmət edilməsini təmin etdikcə Birləşmiş Ştatlar həmişə güclənib. Demokratiya heç vaxt mükəmməl deyil və bu, bizim üzərində işlərimizi həmişə davam etdirməli olduğumuz yoldur”, səfir qeyd edib.

ABŞ ilə Azərbaycan arasında güclü əməkdaşlığı təqdir edən Morninqstar deyib ki, ABŞ və Azərbaycan birgə çoxsaylı uğurlar əldə ediblər.

“20 ildən artıqdır ki, ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Biz təhlükəsizlik, firəvan və demokratik cəmiyyəti təşviq etmək üçün Azərbaycanla birgə işimizi davam etdiririk”.

O Azərbaycanda son iki ildə səfir olmağından qürur duyduğunu deyib.

“Münasibətlərimizdə enişli-yoxuşlu məqamlar həmişə olsa da ABŞ və Azərbaycan güclü tərəfdaşlığa malikdir və inanıram ki, bu tərəfdaşlıq daha da güclənəcəkdir. Dövlət katibi cənab Kerri bir neçə həftə öncə Azərbaycanın müstəqillik günündə demişdir: ABŞ bu münasibətlərə və bütün azərbaycanlılar üçün daha parlaq gələcəyin təmin olunmasına sadiqdir”, səfir qeyd edib.

Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycan ilə ABŞ-ı bütün sahələrdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir.

"Azərbaycan ABŞ ilə münasibətlərə böyük əhəmiyyət verir. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə iki ölkə arasında əlaqələrin inkişaf etməsi və daim genişlənməsi məmnunluq doğurur".

O bildirib ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmlə mübarizə və münaqişə zonalarında sabitləşmə işlərində ABŞ ilə birgə iştirakı iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsir göstərir.

ABŞ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin də artdığını deyən nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib.

“ABŞ şirkətləri həm Azərbaycanda, həm də Azərbaycanın iştirakı ilə xaricdə həyata keçirilən irimiqyaslı layihələrdə iştirak edir və Azərbaycana iri miqyaslı investisiya yatırırlar”, o qeyd edib.

Nazir həmçinin Azərbaycan Neft Fondunun istiqrazlarının 47 faizinin ABŞ şirkətləri tərəfindən alındığını bildirib.

O, deyib ki, 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və sülh yolu ilə həllində Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-a böyük ümid bəsləyir və ABŞ-ın status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqeyini təqdir edir.

“Biz ABŞ-la birgə qlobal təhlükəsizliyin təmin edilməsində və regionda stabilliyin yaradılmasında birgə səylərimizi davam etdirəcəyik”, Şərifov bildirib

Nazir eyni zamanda turizm, mədəniyyət və idman sahəsində əlaqələrin daha da inkişafı üçün potensialın olduğunu diqqətə çatdırıb.