ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasında 20 Yanvar hadisələrinin 21-ci ildönümünü qeyd edilib. Amerikanın səsinin əldə etdiyi məlumata görə, Texas qanunvericisi Con Zervas Birləşmiş Ştatlarda yaşayan azərbaycanlıları təmsil edən qrupların üzvləri ilə görüşüb. Görüşdə ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN qrupunun həmtəsisçisi Yusif Babanlı, təşkilatın direktorlar şurasının üzvləri Mehriban Əfəndiyeva və Nərgiz Qasimova, Hyüston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova və digər azərbaycanlılar iştirak ediblər. Qanunverici 20 Yanvar hadisələrinin anılmasına dair qətnaməni diaspor üzvlərinə təqdim edib.
Diaspor təşkilatları üzvlərinin Amerikanın səsinə bildirdirdiyinə görə, 20 Yanvar hadisələrinin Meyn ştatında da anılacağı gözlənilir.
Azərbaycanlıların Qara Yanvar faciəsinin anılması kampaniyası Alyaska ştatında da nəticə verib. Alyaska vitse-qubernatorunun ofisi 20 Yanvar hadisələrinin yerli vaxtla saat 3-də bir dəqiqəlik sükutla anılacağını bildirib.
Bu il ABŞ-da yaşayan azərbaycanlıların apardığı məktub kampaniyasının nəticəsində Nyu Cersi, Nyu York və Pensilvaniya ştatlarının yerli qəzetlərində 20 Yanvar hadisələri ilə bağlı məlumatlar dərc edilib.