ABŞ investorlar üçün daşınmaz əmlak bazarı siyahısında birinciliyini qoruyur

  • Amerikanın səsi

ABŞ investorlar üçün daşınmaz əmlak bazarı siyahısında birinciliyini qoruyur

ABŞ-ın daşınmaz əmlak bazarı 2012-ci ildə də investorlar üçün ən cəlbedici məkan olaraq qalacaq. Daşınmaz Əmlak Üzrə Xarici İnvestorlar Assosiyasiyasının yenicə açıqlanmış sorğusunun nəticələri göstərir ki, ABŞ birinciliyini saxlasa da, siyahıda ikinci yer alan Braziliya öz göstəricilərini sürətlə yaxşılaşdırmaqdadır.

Ötən il ərzində xarici investorlar ABŞ-ın kommersial əmlak bazarında Nyu York, Vaşinqton, Boston, San Fransisko və Los Anceles kimi böyük şəhərlərə diqqət edərək qiymətlərin qalxmasına səbəb olmuşlar.

Bu arada sürətlə inkişaf edən iqtisadiyyat və sabit investisiya mühitinə malik Braziliya sərmayədarların sevimli məkanına çevrilib. 2012-ci ildə Sao Paulo investisiya dəyərinə və cazibədarlığına görə 26-cı yerdən 4-cü yerə sıçrayıb.

Assosiyasiyanın keçirdiyi sorğunun respondentləri 874 milyard dollar həcmində investisiya sahibləridir. Onlar ABŞ-da 338 milyard dollar həcmində investisiya qoyublar.

Rəyi soruşulanların 60 faizi Amerikada investisiyanı çoxaldacaqlrını bildirib. Bu, ötən ilki 72 faiz rəqəmindən azdır.