İyun ayının 26-dan iyulun 17-nə kimi Almaniyada keçirilən qadınlar arasında futbol üzrə Dünya Çempionatında C qrupu çərçivəsində bu gün iki matç baş tutub. Dünya Çempionatında ilk dəfə iştirak edən Kolumbiyanın qadınlardan ibarət yığma komandası bu İsveç yığması ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Oyunun yeganə qolunu 57-ci dəqiqədə Cessika Lendstrom vurub. Günün ikinci matçı daha maraqla gözlənilirdi. Belə ki, Amerika Birləşmiş Ştatları Şimali Koreya millisi ilə qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən oyun 2:0 hesabı ilə amerikalı xanımların xeyrinə başa çatıb. Hər iki qol oyunun ikinci hissəsində vurulub, belə ki, 54-cü dəqiqədə Loren Çeyni, 76-cı dəqiqədə isə Raşel Buhler fərqlənib. ABŞ növbəti oyununu Kolumbiya ilə, Şimali Koreya isə İsveçlə keçirəcək.
Sabah D qrupu çərçivəsində Braziliya Avstraliya ilə, Norveç isə Ekvator Qvineyası ilə qarşılaşacaq.
Qrup mərhələsinin birinci turu çərçivəsində bu günədək keçirilən oyunlar isə aşağıdakı kimi nəticələnib.
A qrupu
Almaniya 2 – 1 Kanada
Nigeriya 0 – 1 Fransa
B qrupu
Yaponiya 2 – 1 Yeni Zelandiya
Meksika 1 – 1 İngiltərə
C qrupu
Kolumbiya 0 – 1 İsveç
ABŞ 2 – 0 Şimali Koreya