Yanvarın 20-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Şəhidlər xiyabanını ziyarət edib.
“Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron ilə birlikdə biz Qara Yanvarda yaralanan və həlak olan çoxlu sayda mülki vətəndaşların xatirəsini ehtiramla yad etməkdə azərbaycanlılarla qoşuluruq. Şiddətli hücüm zamanı yaxınlarını itirən ailələrə və dostlara dərin hüznlə başsağlığı verir və öz əqidələrini dinc yolla müdafiə edənlərin fədakarlıqlarını unutmuruq”, ABŞ səfirliyinin məlumatında deyilir.
33 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Ordu qüvvələri dinc əhaliyə atəş açıb. 147 nəfər həlak olub, 800-dən çox mülki sakin yaralanıb.
İndiyədək keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərlərindən heç kim yanvar hadisələrinə görə məsuliyyətə cəlb olunmayıb.