Azərbaycanın insan hüquqları üzrə müvəkkili –ombudsman Elmira Süleymanova ölkədə insan hüquqları ilə bağlı parlamentə hesabat verib. O çıxışında hökumətin insan hüquqları sahəsində bir sıra ciddi addımlar atdığını bildirib. Yeni apellyasiya məhkəmələrinin yaradıldığını və hakimlərin sayının artırıldığını xatırladıb. Xanım Süleymanova ombudsman institutuna son beş ildə 25.760 ərizə və şikayətin daxil olduğunu bildirib. Ötən il isə 7500 şikayət daxil olub və müraciətlərin spektiri də dəyişib.
O bəzi polis orqanlarında insanların işgəncəyə məruz qalması hallarının araşdırıldığını, cəzaçəkmə müəssisələrində qanun pozuntularının qeydə alındığını deyib.
Ombudsman həmçinin bir qədər əvvəl mətbuatda satirik yazar Mirzə Sakitin saxlanma şəraitinin pis olması ilə bağlı məlumatlara aydınlıq gətirib. O həbs olunmuş, o cümlədən fizki zorakılığa məruz qalmış jurnalistlər və gənclər təşkilatlarının rəhbərləri ilə də görüşüb.
Xanım Sülyemanova məhkəmə sistemi və məhkəmə qərarlarının icrası sahəsindən də narazıdır. Onun sözlərinə görə, ötən il bu sistemlərin 48 vəzifəli şəxsi cəzalandırılıb. Ombudsman həçminin vəkil xidmətinin, hüquq məsləhətxanası işinin yaxşılaşdırılmasının vacibliyini qeyd edib. «Ünvanlı sosial yardım məsələsinə yenidən baxımalıdır. Yeni «Mənzil Məcəlləsi» işlənməli, İpoteka krediti əl çatar olmalıdır. Kreditin verilmə şərtləri yüngülləşdirilsə də yenə də əl çatar deyil. Hərbi qulluq zamanı nizamnamədən kənar hallara son qoyulmalı və hərbi qulluqçulara verilmiş ərzaq məhsullarının onlara çatdırılması məsələsi həllini tapmalıdır» -deyə o qeyd edib.
Müvəkkil prezident İlham Əliyevin «İnsan hüquqları üzrə Milli Fəaliyyət Planı»nı imzalanmasını ötən ilin ən uğurlu hadisəsi kimi dəyərləndirib.
Bir çox deputatlar Ombudsmanın məruzəsini müsbət dəyərləndirsə də müxaofiətdə olan deputatlar ciddi tənqidlər səsləndirib. Deputat Pənah Hüseyn 2006-cı ildə insan hüquqları sahəsində gerilmələrin olduğunu bildirib. O Ombudsmanın məruzəsində söz və mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı və insan hüquqlarını pozan vəzifəli şəxslərin birinin belə adının çəkilməməsini mənfi kimi qiymətləndirib.