Ekspertlər Azərbaycan İctimai Televiziyasına balanslı və plüralist xəbərlər hazırlamağı tövsiyə  edib

ATƏT-in dəstəyi ilə "Azərbaycanda ictimai xidmət yayımı" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri, İctimai Televiziyanın baş direktoru, BBC-nin ekspertləri, siyasi partiyaların, qeyri hökumət təşiklatlarının təmsilçiləri, hüquq müdafiəçiləri iştirak edib. ATƏT-in Bakı ofisinin rəhbəri Maurizio Pavesi bildirib ki, ATƏT-in maliyə dəstəyi ilə BBC-nin ekspertləri Azərbaycanda ictimai xidmət yayımının təlim və tələblərinin təhlilini aparıb. Onun sözlərinə görə, ölkədə çap mətbuatı geniş inkişaf etmədiyindən informasiyanın əhaliyə çatdırılamsında televiziya mühüm rol oynayır. Çap mediası əhalinin yalnız 2,8 faizini əhatə etdiyi halda televiziya ölkənin 98 faizin əhatə edir. «ATƏT İTV-nin yaranmasını alqışayır və bundan sonra da yardımını davam etdirəcək. Gələn ildən daha uzun müddətli proqramlara başlayacağıq. Hesab edirik ki, bir neçə ilə İTV yaxşı televiziyaya çevriləcək. Əhaliyə daha plüralist və balanslı məlumatlar çatdıracaq». Televiziyanın baş direktoru İsmayıl Ömərov İTV-nin formaca yeni, məzmunca milli televiziya kanalı olduğunu deyib. O həmçinin çoxşaxəli proqramlar təşkil edildiyini və tok-şoular keçirildiyini vurğulayıb. BBC-nin eksperti Riçard Lukas bildirib ki, İTV tam yeni yayım modelidir. Bununla yanaşı, ekspert İTV-nin onunla rəqabət aparan televiziylardan fərqinin çox böyük olmadığını diqqətə çatdırıb. "İTV-nin fəaliyyətinin əsasını həqiqi və qərəzsiz xəbərlər təşkil etməlidir. Bu televiziyanın xəbərləri dövlət televiziyasının xəbərlərindən seçilmir. Rəsmi xəbərlərin sayı çoxdur. İnformasiyalar bürokratik dildə verilir. Hesab edirik ki, rəsmi xəbərlərə fərqli yanaşılmalıdır". Cənab Lukas hesab edir ki, ictimai debatlarda iştirakçılara daha geniş və azad redaktor yanaşması olmalıdır. "Proqramlarda rəsmi şəxslərlə, qeyri-rəsmi şəxslər arasında tarazılıq daha yaxşı təmin edilməlidir. Qərəzsiz mövqe tutulmalı və azad fikrə daha çox yer verilməlidir. Müxalif fikir tam təmin edilməlidir. İTV redaktorlarının davranış məcəlləsi tərtib eldilməli və xəbərlərin qərəzsiz, tərəfsiz verilməsi tövsiyyə olunmalıdır". Ekspertin fikrincə, ictimai radio sanki televiziyanın yanında fırlanan bir qoldur. "Radio kollektivi arasında ruh yüksəldilməlidir. Radio xəbərləri daha çevik olmalı və televiziyanın əlavəsinə çevrilməməlidir. Radio maraqlı bir qurum olmalıdır". Qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların təmsilçiləri televiziyanı tənqid edib. Hüquq müdafiəçiləri insan hüquqları, azad mətbuatın hüquqlarının müdafiəsi, gender məsələləri, sosial problemlərlə bağlı proqramlara ehtiyac duyulduğunu bildirib. Onların fikrincə, televiziyada əyləncə proqramları üstünlük təşkil edir, iqtidar müxalifət məsələlərində balans pozulur, korrupsiya ilə bağlı verilişlər təşkil edilmir. "Məqam" Gənclər Hərəkatının lideri Emin Hüseyli hesab edir ki, İTV cəmiyyətin deyil, iqtidarın maraqlarına xidmət edir. Prezident Aparatının nümayəndəsi Vüqar Əliyev və YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı isə İTV-ni dəstəkləyib. Onların sözlərinə görə, İTV siyasi maraqlara deyil, xalqın maraqlarına xidmət edir.