Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə dinc və yanaşı yaşamağa hazırdır

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Azərbaycanlı icmasının I qurultayı keçirilib. Forumda
344 nümayəndə və 200 nəfər Azərbaycan hökuməti, parlamenti və ictimaiyyətin, habelə beynəlxalq təşkilatların və diplomatik missiyaların nümayəndələri iştirak edib.
Qurultay Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovu Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri seçib. Bununla yanaşı, icmanın 22 nəfərlik idarə heyəti seçilib.
Cənab Səfərov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, icma işğal olunmuş ərazilərin azad edilməsi uğrunda çalışacaq. Bizim əsas vəzifəmiz məcburi köçkünlərin hamısının öz doğma evlərinə qaytarılmasına nail olmaqdır.
Onun fikrincə, Azərbaycanlı icması, tərəflərin istəyi olarsa, münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinə qoşulmağa hazırdır.
Cənab Səfərov hesab edir ki, azərbaycanlı icması Dağlıq Qarabağda erməni icması ilə dinc və yanaşı yaşamağa hazırdır. “Biz ermənilərlə əvvəllər də birgə yaşamışıq. Münaqişəyədək hər iki icma birgə və dinc şəraitdə yaşayıb. Biz qonşuyuq və bir yerdə yaşamağa məhkum edilmişik. Ancaq azərbaycanlı və erməni icmalarının birgə yaşaması yalnız Azərbaycanın ərazi bütövlüyü şəraitində mümkündür”.
İcma rəhbəri bildirib ki, icmalar birgə yaşadığı dövrdə heç zaman Ermənistan Dağlıq Qarabağda yaşayan ermənilərin sosial, təhsil, səhiyyə sahəsində qayğısına qalmayıb. “Ermənilərin bütün sosial tələbatı Azərbaycan Respublikası tərəfindən ödənilib. Torpaqlar işğaldan azad edildikdən sonra da belə olmalıdır. Ermənistan Dağlıq Qarabağda yaşayan erməni icmasının daxili işlərinə qarışmamalıdır”.
Ermənistan Dağlıq Qarabağda seçki prosesinə və ya referendum keçirilməsi məsələlərinə qarışa bilməz. “Referendum və ya seçki keçirilməsi Azərbaycanın və orada yaşayan icmaların işidir. Dağlıq Qarabağın 65 000 nəfərlik azərbaycanlı icması qayıtmadan orada hər hansı referendumdan danışmaq olmaz”, - deyə o qeyd edib.
İcma rəhbəri Minsk qrupu həmsədrlərinin fəaliyyətindən narazı olduğunu bildirib. “Çünki, bir qayda olaraq, həmsədrlər erməni icması ilə görüşür, Azərbaycan icması ilə görüşmür”
Dağlıq Qarabağ regionunun Azərbaycanlı İcmasının qurultayının keçirilməsi ictimaiyyət tərəfindən də müsbət qarşılanır. Onlar qurultayın icmanın rəhbərinə azərbaycanlıların adından həm hökumət, həm də beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırmaq səlahiyyəti verməsini vacib sayır.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib ki, hazırda qloballaşan dünyada vəziyyət dəyişib. “Ona görə bu günki reallıqlara cavab verən icmanın qurulması üçün qurultay çox vacibdir. Çünki Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə tamamilə başqa müstəvidə, başqa tərzdə, başqa formatda çatdırmağın vaxtı çatıb”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hesab edir ki, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərindən olan insanlar da öz hüquqlarını müdafiə etməlidir. “Bu insanlar ictimai birliklərdə birləşərək beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət etməli və hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərməlidirlər. Hökumət və cəmiyyətin birgə mübarizəsi yolu ilə münaqişə həllini tapa bilər”.
”Bütöv Azərbaycan Xalq Cəbhəsi” partiyasının sədri Qüdrət Həsənquliyevin fikrincə, seçki yolu ilə formalaşan təşkilatın yaradılması çox vacibdir. “Qurultay seçdiyi insanlara icmanın adından danışmaq hüququ verəcək. Bu baxımdan, qurultayın keçirilməsi çox əhəmiyyətlidir”.
Deputat, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının fikrincə, münaqişə qurbanları əslində hər il bir neçə dəfə yığışıb öz hüquqları ilə bağlı məsələləri qaldırmalıdır. “Dövlətin rəsmi siyasəti məlumdur. Amma bu insanların işğal altında olan torpaqlarda milyardlarla dollarlıq mülkiyyəti, tarixi abidələri, qəbirstanlıqları qalıb”.
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı hesab edir ki, qurultayın keçirilməsi əhəmiyyətlidir. “Dağlıq Qarabağ azərbaycanlılarının nümayəndəsi geniş əhali kütləsi tərəfindən seçilməlidir. Qurultayda Dağlıq Qarabağın əhalisinin bütün təbəqələri, məntəqələri təmsil edilir”.
Cənab Nağının qənaətincə, Dağlıq Qarabağın Azərbaycan icmasının işində digər işğal altında olan rayonların nümayəndələri də təmsil olunmalıdır. “İcma, bir qayda olaraq, işğal altında olan ərazilərdən olan insanların tələblərini həm dövlətin, həm də beynəlxalq təşkilatların qarşısında qaldırmalıdır. İcma ilk öncə nizamlanma prosesində işğal altında olan torpaqların hamısının eyni vaxtda, qruplara, hissələrə bölünmədən boşaldılmasını tələb etməlidir. Sülhməramlı qüvvələrin regiona yerləşdirilməsi yolverilməzdir. Ermənistanın işğalçı dövlət olmasının tanınması tələb edilməlidir”.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bildirib ki, danışıqların müəyyən bir mərhələsində Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak etməlidir. “ATƏT-in Minsk qrupunun həmsədrləri niyə yalnız Dağlıq Qarabağın erməni icması ilə görüşür? Nəhayətdə, həmsədrlər Azərbaycan icması ilə də görüşməlidir. İcma həm də beynəlxalq aləmdə öz sözünü deməlidir”.