Türkiyə şirkətinin 32 əməkdaşı «Şahdəniz» layihəsindəki qanunsuzluğa görə həbs olunub

Türkiyənin «BOTAŞ» şirkətinin «Şahdəniz» layihəsi də daxil olmaqla üç tenderin keçirilməsi zamanı qanunsuzluğa yol verməsi və rüşvət alması ilə bağlı bu ölkənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin iddiası ilə başlanan istintaq işinin gedişində 32 əməkdaşı həbs olunub. Azərbaycanın APA agentliyi bu barədə Türkiyə polisinin məlumatı əsasında xəbər yayıb. Agentliyin məlumatına görə, həbs olunanlar arasında Enerji və Təbii Ehtiyatlar Nazirliyinin müstəşar köməkçisi və «BOTAŞ» şirkətinin İdarə Heyətinin üzvü Bəkir Aksoy, sədr müavini Rza Ciftçi, sabiq müavin Şakir Arıkan, İnşaat Departamentinin rəhbəri Ömər Qorxmaz da olmaqla 10 nəfəri yüksək rəhbərlikdə təmsil olunanlardır. Agentilik bildirir ki, polisin «Mavi Xətt» adı verdiyi əməliyyat bir müddət öncə başqa bir şirkətin tenderləri ilə bağlı məhkəmə araşdırması zamanı 1 il 7 ay müddətinə həbs olunan iş adamı İbrahim Səlçugun həbsxanadan çıxandan sonra telefonlarının dinlənilməsi ilə başlayıb. Belə ki, İ.Səlcuqun telefonlarını dinləyən Baş Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onun «BOTAŞ» tenderləri ilə bağlı dövlət adamları və şirkətin rəhbər şəxsləri ilə davamlı danışıqlarını qeydə alıblar. Bir il sürən bu dinləmənin nəticəsində təxminən 120 səhifəlik danışıq qeydləri toplanıb. Bununla bağlı ötən gün keçirilən əməliyyatda 32 nəfər həbs olunaraq, onlara Türkiyənin Cinayət Məcəlləsinin 220/1-2 və 235-ci maddələri ilə (cinayət törətmək məqsədilə qruplaşma, bu qrupa üzv olma, böyük qurum və quruluşlar adına keçirilən mal və xidmət alqı-satqıları və ya kirayələmələri ilə bağlı tenderlərə problem yaratmaq) cinayət işi başlanıb. Araşdırmalar zamanı məlum olub ki, «BOTAŞ»ın üç tenderində qeyri-qanuni hallar baş verib. Bu tenderlərdən biri 3,2 mlrd. ABŞ dollarına başa gəlməsi gözlənilən «Şahdəniz» layihəsi olub. Xəzər dənizindən çıxan Azərbaycan qazını Türkiyəyə daşıyacaq və uzunluğu 7 244 km olacaq boru xəttinin «BOTAŞ»a aid hissəsinin tenderində qanunsuzluq və rüşvət halları var. 12 mart 2001-ci ildə Türkiyə ilə Azərbaycan hökumətləri arasında imzalanmış müqavilədən sonra «BOTAŞ» və Azərbaycan Dövlət Neft Şirkəti arasında da qazın alqı-satqısına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, 15 il müddətində qaz satışının ilkin 2 mlrd. kubmetrdən 6,6 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulur. Tenderdə «Borusan Mannesmann/Ümran» konsorsiumu qalib gəlib. Qanunsuzluq baş verildiyi digər tender «Şahdəniz» qazının nəqli üçün nəzərdə tutulan Bakı-Tiflis-Ərzurum boru kəməri üzərində Ərdahan (Hanak) Kompressor stansiyası və Türkgözü Qazölçmə Mərkəzinin inşası ilə bağlı olub. Türkiyə polisi araşdırmalarını davam etdirdiyini və həbslərin artacağını söyləyib.