Etibar Məmmədov: “20 Yanvar” SSRİ-nin cəza aksiyası idi

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, Milli Azadlıq Hərəkatının rəhbərlərindən biri Etibar Məmmədovun “Amerikanın səsi” radiosuna müsahibəsində 1990-cı ildə “20 Yanvar” hadisələrini doğuran səbəblər, Lefertova həbsxanası, 20 Yanvarın tarixi dərslərindən danışıb.
1990-cı il yanvarın 20-də keçmiş SSRİ hökumətinin qərarı ilə qoşunlar Bakıya yeridilib. SSRİ qoşunları Bakıda milli azadlıq hərəkatının qarşısını almaq məqsədi ilə mülki şəxslərə divan tutub. Bakıda fövqəladə vəziyyət elan edilib və hərbi qüvvələr silahsız mülki şəxslərə atəş açıb.
Respublika Prokurorluğunun məlumatına görə, törədilən cinayət nəticəsində 132 nəfər şəxsin qətlə yetirilməsi, 612 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyməsi istintaqla müəyyən edilib.

Sual: 20 yanvar hadisəsinin müəllifi kim idi? Burada daxili və ya xarici amillər, yoxsa Moskva amili həlledici olub?
Cavab: 20 Yanvar Milli Azadlıq Hərəkatının qarşısını almaq məqsədi ilə o zamankı SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən aksiya idi. Burada beynəlxalq vəziyyət, xarici və daxili səbəblərin hər birinin öz rolu var idi. Əsas isə o idi ki, mərkəzi hakimiyyət günbəgün güclənən azadlıq hərəkatının qarşısını almaq və başqalarının da gözünü qorxutmaq üçün cəza aksiyası həyata keçirmək qərarına gəlmişdi.
Sual: 20 Yanvar hadisələrinə gedən yolda daxili və Moskva amillərini necə xarakterizə edərdiniz?
Cavab: Daxili amil o idi ki, milli azadlıq hərəkatı Qarabağ məsələsi ilə başlamışdı. Azərbaycan ərazisinin bir hissəsini öz dövlətinin ərazisinə qatmaq üçün ermənilərin hərəkatı başlamışdı. Ermənilər keçmiş SSRİ rəhbərliyi səviyyəsində böyük dəstək əldə etmişdi. Azərbaycan isə buna müqavimət hərəkatı ilə cavab verdi. Müqavimət hərəkatı fəaliyyətə başlayan zaman məlum oldu ki, Azərbaycanın o zamankı rəhbərliyində olanlar bu prosesdə xalqın tələbinə uyğun hərəkət edə bilmir. Bu səbəbdən də rəhbərliyin fəaliyyətini xalqın istəyinə uyğun həyata keçirmək üçün onların səlahiyyətlərini ələ almaq kampaniyası başladı. Bu isə təşkilatlanma ilə nəticələndi, Xalq Cəbhəsi hərəkatı yarandı. Bir qədər sonra hərəkat xarakterini dəyişərək, milli-azadlıq hərəkatına çevrildi. Çünki SSRİ daxilində Dağlıq Qarabağ probleminin həlli artıq qeyri-mümkün görünürdü.
Sual: Sizin o zamankı bir çox həmkarlarınız bildirir ki, 20 Yanvar hadisəsi olmaya bilərdi. Onların fikrincə, bu Xalq Cəbhəsinin liderlərinin emosional hərəkətləri nəticəsində baş verib. Sizin fikriniz?
Cavab: Belə yanaşma onların emosional fikrilərindən və ya qərəzli mövqelərindən irəli gəlir. Çünki o zaman onlar kommunist rəhbərlər kimi xalq hərəkatının güclənməsindən çox qorxuya düşmüşdü. Onlar güclənən xalq hərəkatına uyğun fəaliyyət göstərmədikləri və onun tələblərinə cavab vermədikləri üçün özlərini kənarlaşdırmaq məcburiyyətində qalmışdılar.
Bir daha deyirəm ki, bu hadisələrin səbəbi güclənən xalq hərəkatı və xalq hərəkatının milli azadlıq hərəkatına çevrilməsi idi. Bunun qarşısını almaq üçün mərkəzi hakimiyyət cəza aksiyası keçirmək qərarına gəlmişdi. Yəni 20 Yanvarın olmaması mümkün deyildi. Çünki SSRİ kimi güclü bir imperiya varlığını saxlamaq üçün hansısa tədbirlərə əl atrmalı idi. Bu tədbirlərin içərisində cəza aksiyaları da var idi.
Sual: Cəza aksiyalarından qaçmaq mümkün idimi?
Cavab: Mümkün olsa idi, Gürcüstan bu aksiyadan qaça bilərdi, ondan öncə Alma-Atıda cəza aksiyası baş vermişdi, Bakıda cəza aksiyasından sonra bu, Vilnyusda baş verdi. Ən sonda isə kommunist rejimi özünü qorumaq üçün 1991-ci ilin avqustunda Moskvada cəza aksiyası həyata keçirməyə məcbur oldu. Cəza aksiyalarından qaçmaq mümkün deyildi. Bu, tarixi bir hərəkatdır və bütün imperiyaların dağılması prosesində baş verib. Azərbaycandan da çox itkilər verən ölkələr belə öz müstəqilliyinə qoşulandan sonra hərəkata qarşı ittiham irəli sürməyiblər ki, müstəqillik öz-özünə baş tutacaqdı.
Sual: 20 Yanvarın tarixi dərsləri nədir?
Cavab: Tarixi dərslər, təəssüf ki, hələ tam öyrənilməyib. Mənim fikrimcə, tarixi dərsləri odur ki, təhlükə olanda xalq bütün qüvvələrini birləşdirmək üçün özündə güc tapır. Azərbaycan xalqının ən böyük milli birliyi yanvar hadisələri və ondan sonrakı dövrdə olub. Bu cür böyük birliyə Azərbaycan bu hadisələrdən öncə də, sonra da nail ola bilməyib.
20 Yanvarın ikinci dərsi ondan ibarətdir ki, Azərbaycanda bu prosesdən sonrakı hadisələr göstərdi ki, nə zaman hakimiyyətdə olanların bir hissəsi xalqla birləşmirsə, bu qrup adamlar mübarizənin birinci mərhələsində ötəri müvəffəqiyyət əldə etsə də, ikinci mərhələdə süquta uğrayır.
20 Yanvarın digər ölkələrdəki hərəkatlardan fərqi o idi ki, Azərbaycanın kommunist rəhbərlərindən bir nəfər belə xalqın tərəfinə keçmədi.
Sual: Həmin kommunist rəhbərlərin bir çoxu indi də Azərbaycan hökumətində yüksək vəzifələr tutur?
Cavab: Bəli, elədir. Bu da bizim üçün bir tarixi dərsdir. Çünki milli azadlıq hərəkatı öz məqsədinə nail olandan sonra, növbəti idarəetmə mərhələsi başlayır. Bu mərhələdə xalq hərəkatı idarəetməyə hazır olmadığını göstərdi.
Sual: Milli Azadlıq hərəkatının əsas məqsədi müstəqillik, azad seçkilər və demokratik quruluş və Dağlıq Qarabağ probleminin həlli idi. Azərbaycan xalqı və hökuməti bu məqsədlərdən hansına nail olub?
Cavab: Birinci olaraq Azərbaycanın müstəqilliyinə nail olmuşuq. Digər məqsədlərdə isə, çox təəssüf ki, hələ çox böyük irəliləyiş əldə edilməyib. Bu, demokratiyadır, azad seçkidir, xalqın dövlətin idarə edilməsində sərbəst şəkildə iştirakı və bəyənmədiyi hökumətin dəyişməsini həyata keçirməsidir. Bunlara biz nail ola bilməmişik. Azərbaycan bu istiqamətdə, eyni ilə də iqtisadiyyatın inkişafı, cəmiyyətin rifah halının yüksəldilməsi istiqamətində imkanlarının yüzdə birindən belə istifadə edə bilməyib.
Sual: 20 yanvar hadisələrindən sonra ilk həbs olunanlardan biri də Siz oldunuz. Moskvanın məşhur Lefortovo həbsxanasında saxlandınız. O günləri necə xatırlayırsınız?
Cavab: Mən Moskvada həbs olundum. 20 Yanvardan sonra Azərbaycan dünyada təklənmiş millət vəziyyətinə düşmüşdü. Çünki Bakıda cəza aksiyasını həyata keçirənlər beynəlxalq güclərdən dəstək alırdı. Amerika və Avropa keçmiş Sovet İttifaqı Kommunist partiyasının baş katibi Mixail Qorbaçovu dəstəkləyirdi. Dünya ictimaiyyətinə belə təqdim olunmuşdu ki, Bakıda dini ekstremist qüvvələr dünyəvi hakimiyyəti devirib dini dövlət qurmaq istəyir. Məhz M.Qorbaçov bunun qarşısını alır.
Bu yanlış məlumatların qarşısını almaq, dünya ictimaiyyətinə həqiqəti çatdırmaq üçün Azərbaycan informasiya blokadasından çıxmalı idi. Mən qərara aldım ki, xarici jurnalistlərin yeganə akreditə olunduğu Moskvaya gedim. Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransı keçirdim və hadisələrin birbaşa iştirakçısı kimi həqiqi məlumatları beynəlxalq medianın diqqətinə çatdırdım. Mətbuat konfransının gedişində mənə müraciət etdilər ki, SSRİ rəhbərliyi ilə görüşlər keçirim və məsələni müzakirə edək. Hətta M.Qorbaçovun bir nümayəndəsi də gəlmişdi və Mərkəzi Komitənin katibi Yakovlevin adından görüş istəmişdi. Ancaq həmin gecə daimi nümayəndəliyə hücum etdilər, nümayəndəliyi dağıtdılar və məni həbs etdilər.
Həbs prosesi zamanı orada yaşayan azərbaycanlılar özlərini çox dəyanətli apardı, həbs olunandan sonra da çox böyük dəstək aldım. Əvvəl məndən xalqın dəstəyini gizlədirdilər, amma sonra bunu deməyə məcbur oldular. Xalqın dəstəyi isə mənə güc verirdi ki, həbsxanadakı ağır istintaq prosesində dayana bilim. Xalqın dəstəyinə arxayın olan mən və həbsdə olan hərəkatçılar sübut etdik ki, hər-hansı cinayət etməmişik, gələcəkdə də milli azadlıq hərəkatını davam etdirəcəyik.