İran prokuroru Bəhruz Əlizadə üçün  3 il həbs cəzası tələb edir

İran Azərbaycanında milli mədəni hüquqlar uğrunda fəaliyyətinə görə həbs olunanların vəziyyəti ilə bağlı xəbərlər gəlməkdə davam edir. Amerikanın səsi Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbər, kanadalı hüquq müdafiəçisi Faxtə Zamanidən son məlumatları alıb.

Xanım Zamaninin servisimizə verdiyi məlumata görə, Ərdəbil həbsxanasında mülli hüquqlar uğrunda hərəkatın tanınmış simalarından biri Abbas Lisaninin yanvarın 1-də başladığı aclıq aksiyası davam edir. Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri cənab Lisaninin səhhətinin durumu ilə bağlı ciddi narahatlıq keçirdiyini dedi.

Faxtə Zamaninin sözlərinə görə, Abbas Lisaninin ailəsinə təzyiqlər davam edir. Bundan əlavə, son bir ildə üç dəfə həbs olunan 19 yaşlı Bəhruz Əlizadəyə üç il həbs və 3 il sürgün cəzası veriləcəyi barədə şifahi məlumat verilib.

Xanım Zamaninin sözlərinə görə, ailəsinin yeganə qazanc mənbəyi olan Bəhruz Əlizadənin həbsindən sonra onun ailəsi ehtiyac içində yaşayır.

Digər fəal – Elyaz Yekanlı təxəllüsü ilə yazılar yazan Əli Xodabəxşinin durumunun da ağır olduğu bildirilir. Bir neçə həftə Ettelaat təcridxanasında saxlandıqdan sonra Əli Xodabəxşini Urmiya zindanının siyasi bölməsinə keçiriblər.

Xatırladaq ki, öncəki həbsi zamanı Elyaz Yekanlıya işgəncə verilmiş, o uzun müddət ailəsi ilə təmaslardan məhrum edilmiş və ona vəkil tərəfindən təmsil olunmaq hüququ tanınmamışdı. Beynəlxalq Amnistiya təşkilatının yaydığı bəyanatlara əsasən, Elyaz Yekanlı hətta elektrik şokuna məruz qalmış və ayağı sındırılmışdı. Hal-hazırda onun ailəsi ilə görüşlərinə icazə verilmədiyindən, Elyaz Yekanlının səhhəti barədə dəqiq məlumat almaq mümkün deyil.