Prezident Buş 11 Sentyabr terror qurbanlarını yad etmək üçün hücumların baş verdiyi Nyu York, Vaşington və Pensilvaniyada olub. Amerika prezidenti çıxışlarında gələcəkdə terror hücumları təhlükəsinə qarşı vətəndaşları milli birliyə çağırıb.
11 Sentyabr terror hücumlarının beşinci ildönümündə qurbanların yad edilməsi üçün keçirilən mərasimlərdən sonra prezident Amerika xalqına müraciət edib. Amerika Prezidenti hadisələrdə ölənlərin ailələriylə görüşüb və müharibə aparan bir ölkənin lideri kimi çıxış edib.
Amerika prezidenti deyib ki, bu gündə həlak olan günahsız insanları və başqalarının yaşamağa davam etməsi üçün öz həyatını qurban verənləri yada salırıq. "Biz qurbanların ailələrinin əzablarını başa düşür və onların xatirələrini yaşadaraq daha təhlükəsiz və ümidli bir dünyada onlar üçün abidə ucaltmaq istəyirik".
Amerika prezidenti söyləyib ki, terrorla mübarizə sadəcə olaraq hərbi konfliktdən ibarət deyil. Bu, 21-ci əsrin həll edici ideoloji mübarizəsi və bir nəslin qarşısında qoyulmuş vəzifədir: "Amerika bu müharibəni istəməyib və hər bir amerikalının arzusu onun başa çatmasıdır. Mən də bunu istəyirəm. Ancaq müharibə hələ də qurtarmayıb və biz, ya da terrorçu qüvvələr qələbə çalana qədər də qurtarmayacaq".
11 Sentyabr hücumlarından sonra , ölkə müharibəyə hazırlaşdığı vaxtda Amerikada milli birlik əldə olunmuşdu. Ancaq İraqda davam edən müharibənin yaratdığı gərginliyin təsirləri Kongresə seçki kampaniyasında da hiss olunur.
Prezident Buş çıxışında özünə qarşı səslənən tənqidlərə cavab verməyib. O, bunun əvəzinə Sentyabrın 11-ü hücumlarını xatırladaraq, İraqdakı və ümumilikdə Yaxın Şərqdəki konfliktlərin həllinin nə qədər mühüm olduğunu Amerika xalqına göstərməyə çalışıb. O deyib ki, bu müharibədə qələbə əldə etmək üçün milli birliyə, bir yerdə fəaliyyət göstərməyə ehtiyac var: "Buna görə də biz aramızdakı fikir ayrılığına əhəmiyyət vermədən tarixin qarşımıza qoyduğu vəzifəni yerinə yetirməliyik".
ABŞ prezidenti bunu da qeyd edib ki, 11 Sentyabr hücumları Amerikalıların dünyaya baxışını dəyişdirib: "O tarixi gündə ölkə şərin üzünü gördü. Bu ölkə keçmişdə şərə qələbə çalıb və bunu bir daha edəcək".