Əhmədinejad İraqa yardım təklif edib

Iran prezidenti Mahmud Əhmədinejad İraqa yaraqlı qrupları nəzarət altına almaqda yardım təklif etdiyini deyib.

İraqın baş naziri Nuri əl Məlikinin Tehrana ikigünlük səfəri ilə bağlı keçirilən mətbuat konfransında Əhmədinejad, İraqda təhlükəsizliyin təmin olunmasının regionda stabilliyə xidmət edəcəyini deyib.

Məliki Əhmədinejadla bu gün görüşüb.

İyun ayında Birləşmiş Ştatların İraqdakı baş komandanı general Corc Keysi İranı İraqdakı şiə ekstremistləri təlim və texnologiyalarla təmin etməkdə günahlandırmışdı.

İraq polisinin verdiyi məlumata görə, bu gün Bağdadda maşına qoyulan bombanın partlaması nəticəsində 6 adam ölüb. Bu arada Mosulda bir yaraqlı 4 kürdü öldürüb.

Bağdadda isə Səddam Hüseyn və digər 6 müttəhim üzərində qurulan məhkəmədə İraqın keçmiş liderinin 1980-ci illərdə on minlərlə kürdün ölümünə səbəb olan əmrləri ilə bağlı kürd şahidlərin ifadələri dinlənilir.