Corc Buş: “Amerika öz qoşunlarını İraqdan geri çəkərsə, gələcəkdə Yaxın Şərq terrorist dövlətlər oylağı olacaq”

Prezident Buş özünün ənənəvi şənbə radiomüraciətini İraqda qələbənin terror üzərində müharibənin əsas şərti olduğunu vurğulamağa həsr edib.

Corc Buş bildirib ki, əgər Amerika qoşunlarını İraqdan çıxarmağa məcbur qalsa, gələcək nəsillər terrorçu dövlətlər və nüvə sailahına malik diktatorlar oylağı olan Yaxın Şərqlə qarşı-qarşıya duracaqlar.

Buşun həftəlik müraciətinə Demokratların cavabı isə Birləşmiş Ştatların daxili problemlərinə həsr edilib. Misisipi ştatından Konqres üzvü Beni Tompson tərəfindən səsləndirilən cavabda deyilib ki, Buş administrasiyası amerikalıları təbii və texnogen fəlakətlər qarşısında aciz qoyub. Onun fikrincə, Buş administrasiyası problemləri çox ləng həll etdiyindən Katrina qasırğasının qurbanları növbəti fəlakətlər qarşısında tamamilə köməksiz qalıb.

Nümayəndələr Palatasının Təhlükəsizlik Komitəsinin üzvü olan Tompson həmçinin ölkənin limanlarının, özəl hava yolları şirkətləri və nüvə məntəqələrinin mümkün terror təhlükəsindən kifayət qədər qorunmadığını deyib.