Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edir.
ABŞ Dövlət katibi Marko Rubio deyib ki, bu, Prezident Trampın daha sülhsevər dünya vizyonuna uyğun olaraq hər iki ölkə üçün onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək fürsətidir.
“İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək və Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır”, Dövlət katibinin martın 14-də yaydığı bəyanatda vurğulanır.
Marko Rubio hələ ötən ay Münhendə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə “Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləmək üçün birgə səyləri” müzakirə etmiş, “davamlı və ləyaqətli sülhün vacibliyi” tərəflər arasında yanvar ayında baş tutan telefon danışığında da vurğulanmışdı.
Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib. Ermənistan Xarici İşlər Nazirliyi də ötən gün sazişin mətni üzrə yekun razılığın əldə edildiyini təsdiqləyib.
Fransa Prezidenti Emmanuel Makron, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta, Almaniya, İspaniya, Polşa da daxil olmaqla bir çox ölkələrin xarici işlər nazirlikləri, Aİ və Avropa Şurası rəsmiləri Bakı ilə Yerevan arasında sülh sazişinin mətninə dair razılıq əldə edilməsini alqışlayıblar.
Emmanuel Makron danışıqların yekunlaşmasına dair xəbərə ilk reaksiya verən dövlət başçılarından olub.
“Mən Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşmasının elan edilməsini alqışlayıram. İndi Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına heç bir maneə qalmayıb və bu, Cənubi Qafqazda davamlı sülhün yolunu açmalıdır”, Fransa Prezidenti “X” səhifəsində yazıb.
BMT baş katibi Antonio Quterreş iki ölkə arasında Ermənistan və Azərbaycanın sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması ilə bağlı bəyanatlarını alqışlayıb. Sözçü Stefan Dujjarik deyib ki, tərəflərin münasibətlərin normallaşdırılması istiqamətində əldə etdiyi irəliləyiş baş katib “həvəsləndirir və o, onların regionda uzunmüddətli sülhün bərqərar olması naminə bütün həll edilməmiş məsələlərin həlli istiqamətində səylərini qətiyyətlə dəstəkləyir.”
Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana “səmimi” təbriklərini çatdıran Aİ Şurasının Prezidenti Antoniu Koşta, hadisəni iki ölkə arasında münasibətlərin tam normallaşması və regionun açılması istiqamətində “həlledici addım” kimi qiymətləndirib.
“İndi mən sizi sülh sazişinin tezliklə imzalanması ilə irəliləyişi nail olmağa təşviq edirəm. Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyə doğru bütün gələcək addımları dəstəkləməyə hazırdır”, Koşta “X” səhifəsində yazıb.
Avropa Şurasının Baş katibi Alen Berse sülh sazişi layihəsi üzərində razılaşmanı quruma üzv olan iki ölkənin bu potensialı reallaşdırmaq, regionda sabit və davamlı sülh yaratmaq iradəsinin sübutu kimi qiymətləndirib.
“Avropa Şurası Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına tam dəstək verir və xüsusilə insan hüquqları, demokratiya və qanunun aliliyinə tam hörmətin təmin edilməsi məqsədilə hər iki üzv dövlətə dəstək və yardım göstərməyə davam edəcək”, AŞ Baş katibi qeyd edib.
Daha əvvəl Bakı ilə Yerevan arasında danışıqlara ev sahibliyi etmiş Almaniyanın xarici işlər naziri Annalena Berbok tərəflər arasında razılaşmanın “ümidverici” olduğunu deyib.
“Onilliklər boyu davam edən düşmənçilik və müharibədən sonra davamlı sülhün əldə oluna biləcəyi faktı region üçün, onun hüdudlarından kənarda da vacibdir. Uzun danışıqlardan sonra Ermənistan cəsarətli güzəştlərə gedir və bizim hər iki ölkəni müşayiət etdiyimiz yolda bu son addımı mümkün edir”, Berbok bildirib və tərəfləri sülh sazişini imzalamağa çağırıb.
Fransa Xarici İşlər Nazirliyi də martın 13-də yaydığı bəyanatında sülh sazişinin ən qısa zamanda imzalanacağına ümidini ifadə edib.
Avropa Komissiyasının vitse-prezidenti, İttifaqın baş diplomatı Kaya Kallas tərəfləri həm ikitərəfli qaydada, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları əzmkar işlərə görə alqışlayıb.
“Bu, regionda davamlı sülh və təhlükəsizliyə doğru atılan həlledici addımdır. Bu sürəti qorumaq və hər iki tərəfin eyni perspektivli və kompromis yönümlü yanaşması ilə prosesin rəvan şəkildə tamamlanmasını təmin etmək çox vacibdir”, Kallas qeyd edib və İttifaqın normallaşma prosesini tam dəstəklədiyini, tərəflər tələb edərsə, əlavə dəstək və ekspertiza göstərməyə hazır olduğunu əlavə edib.
İspaniya, Polşa, Çexiya, Avstriya, Belçika, Niderland və Baltikyanı ölkələr də daxil olmaqla əksər Aİ ölkələrinin, habelə Norveç, Monteneqro, Moldova və Gürcüstanın xarici işlər nazirlikləri məsələ ilə bağlı müsbət rəy verib, Bakı və Yerevanın tezliklə sülh sazişini imzalayacağına ümidlərini ifadə ediblər.
Azərbaycan və Ermənistandan rəsmilər son aylarda sülh sazişinin mətni üzərində gedən danışıqların yekunlaşdırılmasına yaxın olduqlarını, 17
SEE ALSO: Azərbaycan və Ermənistan sülh sazişinin mətni üzrə danışıqların yekunlaşdırıldığını bildirirmaddəlik sazişin son iki bəndi üzərində danışıqların getdiyini bildirirdilər.
Cümə axşamı yerli mətbuata danışan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın sazişin razılaşdırılmamış son iki maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul etdiyini və saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.
Bayramov sazişin imzalanması istiqaməti üçün Bakının daha əvvəl də səsləndirdiyi “şərtləri” xatırladıb.
“Növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi aktlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə olan iddiaların konstitusiyada dəyişiklik yolu ilə baş tutmasıdır. Təbii ki, bu, sazişin imzalanması üçün labüd şərtdir. Bundan əlavə, keçmiş münaqişənin qalıqları olan Minsk qrupu və onun digər təsisatlarının ləğv edilməsi vacib amildir”, Bayramov deyib.
Ermənistanın Xarici İşlər Nazirliyi eyni gündə yaydığı bəyanatda razılaşma ilə bağlı xəbərləri təsdiqləyib. Yerevan əlavə edib ki, Azərbaycan tərəfinə sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatdırılması və razılığın əldə edilməsinə dair birgə bəyanat yaymağı təklif etsə də, Bakı təktərəfli qaydada bəyanat yaymağı üstün tutub.
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi layihəsinin “məqbul kompromis variant” sayıldığını, Yerevanın sazişin nə zaman və harada imzalanmasını müzakirə etməyə hazır olduğunu bildirib.
“Həmin mətndə cəmiyyətdən saxladığımız sirr yoxdur, o, maddə-maddə dərc olunub. Düşünmürəm ki, cəmiyyət onun məğzi ilə tanış deyil”, Paşinyan martın 13-də Yerevanda yerli jurnalistlərə açıqlamasında deyib.
Hər iki ölkənin rəsmi məlumatında razılıq əldə edilən son iki maddənin nə ilə bağlı olduğu açıqlanmasa da, bunun iki ölkənin dövlət sərhədində üçüncü tərəflərin qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdə qaldırılan iddialardan qarşılıqlı əl çəkmək olduğu bildirilirdi.