Azərbaycan və Ermənistan iki dövlət arasında sülh sazişi layihəsinin mətni üzərində danışıqların yekunlaşdığını və saziş layihəsinin mətni üzərində razılıq əldə edildiyini açıqlayıb.
“Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik”, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də yaydığı bəyanatında vurğulayıb.
Xarici işlər naziri Ceyhun Bayramov Bakıda yerli mətbuata açıqlamasında deyib ki, bu yaxınlarda Ermənistan tərəfinin sazişin razılaşdırılmamış son iki maddəsi üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib və əlaqə kanalları vasitəsilə Bakıya çatdırıb.
“Növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi aktlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə olan iddiaların konstitusiyada dəyişiklik yolu ilə baş tutmasıdır. Təbii ki, bu, sazişin imzalanması üçün labüd şərtdir. Bundan əlavə, keçmiş münaqişənin qalıqları olan Minsk qrupu və onun digər təsisatlarının ləğv edilməsi vacib amildir”, Bayramov deyib.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında iki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazır olduqlarını bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi martın 13-də Azərbaycanla sülh sazişi layihəsinin daha əvvəl razılaşdırılmamış iki bəndi üzrə Bakının təklifləri ilə razılaşdığını və saziş mətni üzrə danışıqların yekunlaşdırıldığını təsdiqləyib.
Rəsmi Yerevan bildirib ki, Azərbaycan tərəfinə sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatdırılması və razılığın əldə edilməsinə dair birgə bəyanat yaymağı təklif etsə də, Bakı təktərəfli qaydada bəyanat yaymağı üstün tutub.
“Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin razılaşdırıldığını və müvafiq olaraq danışıqların yekunlaşdığını təsdiq edir”, bəyanatda vurğulanır.
Sülh sazişinin imzalanmağa hazır olduğunu bildirən Ermənistan XİN əlavə edib ki, Ermənistan sazişin imzalanması vaxtı və yeri ilə bağlı Azərbaycanla məsləhətləşmələr aparmağa hazırdır.
Hər iki ölkənin rəsmi məlumatında razılıq əldə edilən son iki maddənin nə ilə bağlı olduğu açıqlanmasa da, bunun iki ölkənin dövlət sərhədində üçüncü tərəflərin qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdə qaldırılan iddialardan qarşılıqlı əl çəkmək olduğu bildirilirdi.
Forum