Tahir Nəqəvinin həbsxana "məmurlarının ailəsinə qarşı zorakı rəftarına görə" müalicədən imtina etdiyi bildirilir

Tahir Nəqəvi, vəkil (şəkil Araz News saytından götürülüb.)

Tahir Nəqəvi, vəkil (şəkil Araz News saytından götürülüb.)

Hüquq müdafiəçilərinin məlumatına görə, Tehranın Evin həbsxanasında saxlanılan məhbus vəkil Tahir Nəqəvi ailəsinin həbsxana məmurları tərəfindən pis rəftara məruz qalması səbəbindən müalicədən imtina edib.

Hüquq müdafiə kanalları bu barədə insan haqları vəkili Sina Yusufiyə istinadən məlumat yayıblar.

Vəkil və türk dil haqları müdafiəçisi Tahiq Nəqəvi 2024-cü il fevralın 6-da İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılandan bəri həbsdədir.

“9 ay gecikmə ilə xəstəxanaya göndərilən vəkil Tahir Nəqəvi, Evin həbsxanası məmurlarının ailəsinə qarşı zorakı və qeyri-insani rəftarına görə müalicədən imtina edib,” deyə Sina Yusufi öz X hesabından paylaşıb.

Yusufinin yazdığına görə, “həbsxana həkiminin həbsxana xaricində müalicə və tibbi müayinələrin zəruri və təcili olması barədə rəyindən 9 ay sonra, Tahir Nəqəvi martın 12-də bir xəstəxanaya köçürülüb. Nəqəvinin ailəsi isə xərcləri ödəmək üçün xəstəxanaya çağırılıb, ancaq, Evin həbsxanasından gələn məmurların onlara qarşı zorakı, hədələyici və qeyri-insani rəftarı vəkilin müalicəni davam etməkdən imtina etməsinə yol açıb.”

SEE ALSO: BMT məruzəçisi: İran hökuməti məhbus vəkil Tahir Nəqvinin vəziyyəti ilə bağlı müraciətimizə cavab vermədi

Tahir Nəqəvi 2024 fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın siyasi fəallardan biri olub. Onların bir çoxu müvəqqəti azadlığa buraxılıb, ancaq Tahir Nəqəvi daxil olmaqla bəzilərinin həbsi davam edir.

Kərəc şəhərində vəkil olaraq çalışan Nəqəvi eyni zamanda dil hüquqları və digər mədəni və siyasi sahələrdə fəaliyyət göstərib. Onun türk dilində təhsil və türkcəyə İranda rəsmi status verilməsinin zərurəti ilə bağlı yazdığı məqalələr internet səhifələrində dərc edilib.