Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır.

Bu barədə Əfv komissiyanın üzvü Əliməmməd Nuriyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, komissiya daxil olan müraciətlərə baxacaq, lakin Əfv sərəncamının nə vaxt imzalanacağı bəlli deyil.

Öz növbəsində ötən həftə Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac var.

Deputat Siyavuş Novruzov xatırladıb ki, Azərbaycanda 13 amnistiya aktı və 70-dən çox əfv sərəncamı qəbul olunub.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə bildirib ki, indiyə qədər Azərbaycanda 10 dan çox amnistiya aktı, 70-dən çox əfv sərəncamının olmasına baxmayaraq, ölkədə bu gün də siyasi məhbus məsələsi ciddi problem olaraq qalır.

Hüquq müdafiəçisi deyir ki, bunlar Azərbaycanda siyasi məhbus problemini aradan qaldırılması üçün bir çıxış yolu kimi görünmür.

“Təbii ki, Azərbaycan hakimiyyəti bunun üçün öncə ortaya siyasi iradə qoymalıdır. Məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır. Məhkəmə hakimiyyəti müstəqil olmalıdır. Siyasi motivli həbslərə son qoyulmalıdır”, ekspert əlavə edib.

Samir Kazımlı hesab edir ki, amnistiya, əfv bəzi insanlarda ümid yaratsa da, bu özünü doğrultmur.

“Əfvlər yarımçıq olur. Amnistiya aktlarında daha çox müəyyən maddələr üzrə cinayət törətmiş şəxslər düşür. Bundan daha çox hakimiyyətin özünün təbliği üçün istifadə olunur. Yaxşı olar ki, Azərbaycan hakimiyyəti bu yolla ölkədə siyasi məhbus problemini aradan qaldırmaq istəyirsə , ortaya siyasi iradə qoymalıdır”, Kazımlı vurğulayıb.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları fəalların və jurnalistlərin həbsini siyasi motivli hesab edir, hökumətin 2023-cü ilin noyabrından başlayaraq ölkədəki tənqidi səslərə qarşı “misli görünməmiş repressiyalar” həyata keçirdiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Ancaq yerli hüquq-müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.

Bir sıra hüquq müdafiəçiləri amnistiya aktının ölkədə yerli hüquq- müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan yüzdən çox insanı əhatə etməyəcəyinə öz etirazlarını bildirmişdilər.

Azərbaycanda sonuncu əfv sərəncamı 2024-cü il mayın 25-də imzalanıb. Prezidentin bu əfv sərəncamında siyasi məhnus kimi tanınan şəxslərin adı olmayıb.