Azərbaycan Talışlarının İctimai Şurasının İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun cinayət işi üzrə şahid qismində dindirilib.
Məmmədov Amerikanın Səsinə bildirib ki, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
"Mən İqbal Əblilovu gənc alim, tədqiqatçı və pedaqoq kimi tanıdığımı dedim. Onun araşdırmaları təkcə talışlara deyil, regionun digər xalqlarına da aiddir. Talış xalqının folkloru, tarixi, mədəniyyəti ilə bağlı bəzi mövzuları mən özüm ona təklif etmişəm", Məmmədov bildirib.
O, İqbalın təqsirsiz olduğuna əmin olduğunu bildirib.
"Azərbaycan ziyalılarının belə görkəmli nümayəndələri həbsdə olmamalıdır, elmi tədqiqatlarını davam etdirmək üçün azadlıqda olmalıdır", o qeyd edib.
O qeyd edib ki, dindirmə iki saatadək davam edib, ona qarşı nəzakətli rəftar olub.
DTX Hilal Məmmədovun dindirilməsi barədə məlumatlara hələ münasibət bildirməyib.
İqbal Əbilov 22 iyul 2024-cü ildə dövlətə xəyanət, xarici təşkilatların tapşırığı ilə dövlət əleyhinə çağırışlar, milli və dini ayrı-seçkilik salmaq ittihamları ilə saxlanılıb. Bütün bu cinayətlərin Ermənistan xüsusi xidmətlərinin göstərişi ilə törədildiyi iddia olunur.
Əbilov ittihamları rədd edir və müstəsna olaraq elmi fəaliyyətlə məşğul olduğunu bildirir. Dünyanın müxtəlif ölkələrindən olan alimlərdən ibarət böyük bir qrup Əbilovun azad edilməsinə köməklik etmək xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət edib.
Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıb.
19 noyabr 2024-cü ildə məhkəmə Əbilovun həbs müddətini 4 ay uzadıb.
Hilal Məmmədov Əbilovun hüquqlarının müdafiəsi üzrə İctimai Komitəyə rəhbərlik edir.
Hilal Məmmədov əvvəllər "Tolışi sado" (“Talışın səsi”) qəzetinin baş redaktoru kimi cinayət təqibinə məruz qalıb və 5 il azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. O, üç il sonra əfv edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi Hilal Məmmədova qarşı cinayət təqibini qanunsuz sayıb.
Forum