Jurnalistikada Qadınlar üçün Koalisiya: Müstəqil jurnalistlərə qarşı təzyiqlərə son qoyulmalıdır

Şahnaz Bəylərqızı (Mənbə: Sosial şəbəkə)

Şahnaz Bəylərqızı (Mənbə: Sosial şəbəkə)

Jurnalistikada Qadınlar üçün Koalisiya (The Coalition For Women in Journalism) Şahnaz Bəylərqızının həbsini kəskin pisləyir.

Təşkilat X platformasında qeyd edir ki, bu, ölkədə müstəqil mediaya qarşı dövlət tərəfindən təşviş doğuran repressiyaların son nümunəsidir.

Jurnalistikada Qadınlar üçün Koalisiya xatırladır ki, "Toplum TV"nin redaktoru Bəylərqızı saxlanılıb və onun Bakıdakı evinə səlahiyyətlilər tərəfindən basqın edilib. Həbsxanada onun səhhəti pisləşib, təzyiqi qalxıb.

Onun həbsi tək hal deyil . Elə həmin gün jurnalist Şəmşad Ağayevin də həbs edilməsi Azərbaycanda təqiblərlə üzləşən müstəqil jurnalistlərin artan siyahısına əlavə edilib.

“2023-cü ilin noyabrından Azərbaycan hökuməti jurnalistlərə qarşı hücumları artırıb. "AbzasMedia", "Toplum TV" və "Meydan TV"yə basqın edilib, bir neçə jurnalist şübhəli ittihamlarla həbs edilib. Hazırda ən azı 8 qadın jurnalist dəmir barmaqlıqlar arxasındadır. Müstəqil jurnalistlərə qarşı təzyiqlərə son qoyulmalıdır. Biz Azərbaycandan jurnalistləri hədəf almağı dayandırmağı tələb edirik. Bəylərqızı qeyd-şərtsiz azad edilməlidir”, təşkilat qeyd edir.

Fevralın 6-da Xətai rayon Məhkəməsinin qərarı ilə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) həbs edilib.

Verilən qərarla istintaq qurumunun (Daxili İşlər Nazirliyi) təqdimatı təmin olunub, Ş.Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Vəkil Bəxtiyar Hacıyevin verdiyi məlumata görə, hazırkı iş "ToplumTV" üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata ayrılıb: "Şahnaz Bəylərqızına qarşı Cinayət Məcəlləsinin həmin icraatda nəzərdə tutulan 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb".

Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

Eyni zamanda “Arqument.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalistlər ittihamları qəbul etmir.

Fevralın 5-də günorta saatlarında müstəntiqin iştirakıyla Şahnaz Bəylərqızının evində axtarış aparılıb, telefonlar, kompüter götürülüb. Jurnalistin özü isə Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildirilib ki, Şahnaz Hüseynova istintaq zərurəti ilə əlaqədar saxlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Şahnaz Bəylərqızı "Toplum TV"nin "Toplumda 10-dan sonra" verilişinin aparıcısı olub. “Toplum TV"yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.