Hilal Məmmədov istintaqa çağırılıb

Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının İdarə Heyətinin üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb.

Bu barədə onun özü Amerikanın Səsinə bildirib.

“Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini gətiriblər. Bildirişdə yazılıb ki, araşdırılan cinayət işi ilə əlaqədar yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinə şahid qismində getməliyəm. Lakin konkret hansı iş üzrə çağırıldığım göstərilməyib. Yalnız cinayət işinin nömrəsi qeyd edilib”, o qeyd edib.

Məmmədov güman edir ki, Dövlət Təhlükəsziliyi Xidmətinə çağırılması talış mədəniyyətinin tədqiqatçısı, dövlətə xəyanətdə ittiham olunan İqbal Əbilovun işi ilə bağlı ola bilər.

Məmmədov Əbilovun hüquqlarının müdafiəsi üzrə İctimai Komitəyə rəhbərlik edir. Onun sözlərinə görə, Əbilovun əmisi də Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb.

Hilal Məmmədov əvvəllər də "Tolışi sado" (“Talışın səsi”) qəzetinin baş redaktoru kimi cinayət təqibinə məruz qalıb və 5 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Üç il sonra əfv edilib. Avropa İnsan Hüquqları Məhkəməsi Hilal Məmmədova qarşı cinayət təqibini qanunsuz sayıb.