Prezident Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb

Almaniya Kansleri Olaf Şolts və Azərbaycan Prezidenti İlham Əliyev Davosda görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, “qarşı tərəfin müraciəti əsasında” keçirilən görüşdə Almaniya Kansleri Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzası ilə əlaqədar araşdırmaların gedişi ilə maraqlanıb, liderlər əvvəlki görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırlayıblar.

“Söhbət zamanı ikitərəfli münasibətlərə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu”, rəsmi məlumatda qeyd edilir.

Kansler Şolts həmçinin Almaniyanın Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səyləri dəstəklədiyini bildirib.

Azərbaycan Prezidenti bu gün yanvarın 21-də həmçinin İsrail Prezidenti İsxak Hersoqla görüşüb. Rəsmi məlumata görə, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirilib, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirilib.

İlham Əliyev ötən gün işinə başlayan Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasına səfər edib. Azərbaycan Prezidenti bu gün Latvia və İraqdan olan həmkarları, habelə bir sıra şirkətlərin rəhbər nümayəndələri ilə görüşlər keçirib.

Yanvarın 25-dək davam edəcək Dünya İqtisadi Forumunda 130 ölkədən 3 minədək iştirakçı, o cümlədən 50-dən artıq dövlət və hökumət başçıları qatılıb.