Marağada həbsxanada saxlanılan azərbaycanlı siyasi məhbus Muxtar İbrahimi aclıq aksiyasının ikinci günündə həbsxana rəsmilərinin əmri ilə təkadamlıq kameraya köçürülüb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, böyrək xəstəliyindən əziyyət çəkən milli fəal Muxtar İbrahimi həbsxanadan kənar ixtisaslaşmış xəstəxanaya köçürülmə tələbi ilə müraciət etsə də, həbsxana rəhbərliyi onun sağlamlıq vəziyyətinə biganə yanaşıb. Bu laqeydliyə etiraz olaraq, o, yanvarın 18-dən aclıq aksiyasına başlayıb və yanvarın 19-da təkadamlıq kameraya salınıb.
İbrahimi həmçinin cəza müddətinin yarısından çoxunu başa vurmasına baxmayaraq, onun şərti əfv ilə azadlığa buraxılması üçün etdiyi müraciət prokurorluq tərəfindən rədd edilib. Şərti əfv ilə azadlığa buraxılma üçün onun siyasi fəaliyyətlərdən imtina edəcəyinə dair öhdəlik sənədini imzalaması tələb olunub, lakin siyasi məhbus bu şərti qəbul etməyib.
SEE ALSO: Marağa həbsxanasında saxlanılan siyasi məhbus Muxtar İbrahiminin səhhəti pisləşibMuxtar İbrahiminin böyrək nahiyəsində şiddətli ağrılar çəkdiyi bildirilir. Məlumata görə, o, keçən il dekabrın 21-də güclü ağrılar nəticəsində huşunu itirmiş, lakin həbsxana klinikasında yalnız ağrıkəsicilərlə müvəqqəti müalicə edilmişdi.
Marağa şəhərində yaşayan türk fəal ötən ilin yanvarın 22-də bir illik həbs cəzasının icrası üçün Marağa həbsxanasına köçürülüb.
Müxtar İbrahimi 2021-ci ildə Marağa İnqilab Məhkəməsi tərəfindən “sistemə qarşı qruplar yaratmaq və sistem əleyhinə kanallara üzv olmaq” ittihamı ilə 10 il həbs cəzasına məhkum edilmişdi. Lakin Apellyasiya Məhkəməsinə verilən şikayətdən sonra bu cəza 1 ilə endirilib.