Marağa həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Muxtar İbrahiminin səhhətinin pisləşməsi onun ailəsi və yaxınlarını ciddi narahatlığına səbəb olub edir. Həbsxana rəhbərliyinin İbrahimiyə zəruri tibbi yardım göstərməkdən imtina etməsi vəziyyətin daha da ağırlaşmasına gətirib çıxarıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Muxtar İbrahimi böyrək nahiyəsində şiddətli ağrılardan əziyyət çəkir və bu, onun dekabrın 21-də ağrılar nəticəsində huşunu itirməsinə səbəb olub. Həbsxana klinikasında ona yalnız müvəqqəti olaraq serum və ağrıkəsici iynə vurulub və o saxlanıldığı bölməyə qaytarılıb. Məlumata əsasən, İbrahiminin səhhəti qeyri-sabitdir və sidiyində qan izləri müşahidə edilir.
Bütün bunlara baxmayaraq, həbsxana rəhbərliyi onun həbsxanadan kənarda ixtisaslaşdırılmış xəstəxanada müalicə almasına icazə vermir.
Muxtar İbrahiminin uzun müddətdir böyrək nahiyəsindən əziyyət çəkdiyi bildirilir. Lakin həbsxana şəraiti və rəhbərliyin onun səhhətinə laqeyd yanaşması vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarıb.
İbrahimi Marağa İnqilab Məhkəməsi tərəfindən “sistemə qarşı qruplar yaratmaq və sistem əleyhinə kanallara üzv olmaq” ittihamı ilə 10 il həbs cəzasına məhkum edilsə də, Apellyasiya Məhkəməsinə verilən şikayətdən sonra bu hökm 1 ilə endirilib.
Marağa şəhərində yaşayan milli fəal cari ilin yanvar ayının 22-də bir illik həbs cəzasının icrası üçün Marağa həbsxanasına köçürülüb. Həbsin icrasını təmin etmək məqsədilə polis əməkdaşları İbrahiminin Marağadakı mağazasını möhürləyib. Həbs hökmündən əvvəl fəalın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi bloklanaraq, sosial xidmətlərdən məhrum edilmişdi.
Muxtar İbrahimi bundan əvvəl də dinc fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və müxtəlif cəzalara məruz qalıb.
Forum