İran Azərbaycanı, eləcə də Tehran, Gilan və Əlburz kimi vilayətlərdə vətəndaşlıq qeydiyyatı şöbələri övladlarına türk adı seçən ailələrə maneələr törətməkdə davam edirlər.
Son vaxtlar sosial şəbəkələr və bəzi internet portallarında yayılan məlumata əsasən, qeydiyyat şöbələri daha əvvəl məhkəmə qərarı ilə qeydiyyatdan keçmiş bəzi türkcə adlara da şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.
İran Azərbaycanının müxtəlif şəhərlərində Türkay və Sevgi daxil olmaqla bəzi adlar daha əvvəl bəzi ailələrin apardığı hüquqi mücadilə nəticəsində qeydiyyatdan keçib.
Ancaq, keçən günlərdə yayılan məlumata görə, Gilan vilayətinin mərkəzi Rəşt şəhərində qeydiyyat şöbəsi Abbasi ailəsinin təqribən 20 gün əvvəl dünyaya gələn qız uşağına seçdikləri Sevgi adı ilə şəxsiyyət vəsiqəsi verməyib.
Günaz TV xəbər saytı və Dan dərgisi adlı bir Instagram hesabı bu barədə Sevginin atası Nemət Abbasinin sözlərinə istinadən məlumat yayıblar.
SEE ALSO: Təbrizdə daha bir ailə Türkay adlı uşağına məhkəmə yolu ilə şəxsiyyət vəsiqəsi alıb“Qızımız dekabrın 31-də dünyaya gəlib. Mən və həyat yoldaşım ona Sevgi adını seçdik. Rəşt qeydiyyat idarəsinin məsulları adın idarənin adlar siyahısında olmadığını önə çəkərək şəxsiyyət vəsiqəsi verməyəcəklərini dedilər. Hər nə qədər ‘biz türkük, bu da bir türk adıdır’ desək də qəbul etmədilər,” deyə, Nemət Abbasi söyləyib.
Daha sonra paytaxt Tehrandakı şöbədən də rədd cavabı alan Abbasi ailəsi məhkəməyə müraciət etməyi düşünür.
Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində isə Meknəti ailəsi keçən ilin sentyabr ayında dünyaya gələn oğlan uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyib. Ailənin Qərbi Azərbaycan vilayəti və paytaxt Tehran şöbələrinə müraciəti də uğursuz nəticələnib. Meknəti ailəsi təqribən 4 ay sonra övladına başqa adla şəxsiyyət vəsiqəsi almağa məcbur qalıb.
SEE ALSO: Urmiyə qeydiyyat şöbəsi bir uşağa Alpaslan adlı ilə şəxsiyyət vəsiqəsi verməyi rədd edirTəbriz sakini olan Səfəri ailəsi də bir neçə ay əvvəl dünyaya gələn üçəmlərinə seçdikləri Elşən, Elnur və Sevgi adları şəxsiyyət vəsiqəsi ala bilməyiblər. Halbuki, sosial şəbəkələrdə daha əvvəl məhkəmə yolu ilə Sevgi və Elşən adları üçün alınan şəxsiyyət vəsiqələrinin surəti paylaşılıb.
İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türk adları ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr var. Ailələr övladlarına şəxsiyyət vəsiqəsi verilmədiyinə görə dövlətin səhiyyə və digər xidmətlərindən yararlana bilmirlər və özəl sektordan xidmət almaq üçün yüksək məbləğlər ödəməli olurlar.
Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını irəli sürərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Son vaxtlar gündəmə gələn bəzi nümunələrdə isə bəzi adlar yazılışının fars dilinin orfoqrafiya qaydalarına uyğun olmadığına görə qeydiyyatdan keçməyib.