AXCP fəalı inzibati həbsə məhkum edilib

Ramil Eynəliyev (Mənbə: Sosial şəbəkə)

Yanvarın 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Lənkəran rayon şöbəsinin fəalı Ramil Eynəliyev "polisə tabe olmamaq" ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.

AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, Eynəliyev ötən gün saxlanılıb və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə aparılıb.

Partiyada hesab edirlər ki, həbsin əsl səbəbi fəalın sosial şəbəkələrdə tənqidi şərhidir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının digər fəalı Əsgər Ağasoyun taleyi isə hələ məlum deyil. O, ötən gün Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Üstüpü kəndində saxlanılıb.

Yanvarın 16-da iş gününün sonuna qədər Ordubad Rayon Polis Şöbəsində saxlanılıb. Polis fəalın qohumlarına və partiya yoldaşlarına onun saxlanılmasının səbəbləri barədə məlumat verməyib.

Polis fəalların saxlanılması barədə hələ məlumat yaymayıb.