Azərbaycan və Gürcüstan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Hər iki ölkə çoxsaylı layihələr, o cümlədən qlobal layihələr həyata keçirir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycanda səfərdə olan Gürscüstan xarici işlər naziri Maka Boçorişvilinin birgə mətbuat konfransının əsas mesajı belə olub.
“Mən xarici içşlər naziri kimi ilk səfərimi Azərbaycana etmişəm və bu əlaqələrimizin səviyyəsinin göstəricisidir. Gürcüstanın qonşuları Azərbaycandan başlayır”, xanım Boçorişvili qeyd edib.
Nazirlər mətbuat konfransında Cənubi Qafqazda təhlükəsizlik və sülh prosesindən, ikitərəfli, çoxtərəfli iqtisadi, siyasi, ticarət, humanitar əlaqələrdən danışıb.
“2024-cü ildə Azərbaycanın Gürcüstandakı investisiyaları 3,6 milyard dollara çatıb. Ticarət əlaqələrimiz isə 1 milyad dollar olub”, nazir Bayramov qeyd edib.
Nazirlər qlobal layihələrdən danışarkən neft və qaz kəmərlərini, nəqliyyat dəhlizini qeyd edib. Hər iki nazir Qara dənizin dibi ilə Avropaya yaşıl enerji və fiber-optik layihələrin perspektivindən danışıb.
“Bakı-Tbilisi-Qars dəmir yolunun genişlənirilməsi ötən il başa çatıb. Artıq dəhlizlə ildə yük daşımalar 1 milyon tondan 5 milyon tona çatdırılıb”, Bayramov əlavə edib.
Nazirlər ölkələrinin regionda sülhün və sabitliyin tərəfdarı olduğunu bildirib.
Nazir Maka Boçorişvili deyib ki, Azərbaycan və Gürcüstan bir çox məsələlərdə intensiv əməkdaşlıq edir və "Gürcüstana müxtəlif formatlarda göstərdiyi dəstəyə görə" Azərbaycana təşəkkür edib.
"Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər Nazirlikləri rəhbərlərinin görüşü olacaq və biz daha maraqlı layihələri müzakirə edəcəyik", o qeyd edib.
Bayramov əlavə edib ki, yanvarın 17-də Bakıda Gürcütanın Baş nazirinin və Azərbaycan Prezidentinin iştirakı ilə keçiriləcək ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası iqtisadi komissiyanın iclası zamanı müxtəlif layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparılacaq.
Ermənistanla sülh danışıqlarına toxunan Bayramov sülh sazişinin reallaşmasında böyük irəliləyişin olduğunu qeyd edib.
"Eyni zamanda, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı müddəaların qalması narahatlıq doğurur", o deyib. Ceyhun Bayramov həmçinin "Ermənistanın aktiv silahlanmasından" narahatlığını ifadə edib.
Silahlanma məsələsinə gəlincə, Ermənistanın Baş nazir Nikol Paşinyan bu il yanvarın 8-də bildirib ki, Ermənistan ordusunun islahat proqramında qeyri-legitimlik elementləri yoxdur.
“Heç kim Ermənistanın müdafiə qabiliyyətli orduya malik olmaq hüququna etiraz edə bilməz. Silah məsələsinə gəlincə, Azərbaycanın silahları ilə bağlı bizim də narahatlıqlarımız var və onların da narahatlığını eşitmişik. Məhz bu səbəbdən biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin formalaşdırılması təklifi ilə çıxış etmişik və onların cavabını gözləyirik”, o qeyd edib.