Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına səfər edəcək.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Bakıya səfər çərçivəsində Gürcüstan və Azərbaycan Respublikasının Baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Komissiyanın iclasında iki ölkənin hökumət üzvləri iştirak edəcək.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü planlaşdırılır.
“Görüşdən sonra liderlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər. Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və Hökumət Administrasiyası rəhbəri Levan Jorjoliani olacaq” - deyə, məlumatda bildirilib.
Qeyd edək ki, hazırda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanda rəsmi səfərdədir.
XİN başçısı səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.
Boçorişvili həmçinin Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti, 10-cu sessiyasında iştirak edəcək.
Forum