ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı, prezidentlik müddətinin başa çatması və yeni seçilmiş prezident Donald Trampın vəzifəyə başlamasına beş gün qalmış Oval Ofisdən vida nitqi ilə çıxış edib.
Prezident Co Bayden xalqa yekun müraciətində ultra-varlı şəxslərin ölkədə kök salaraq “oliqarxiya” qurması və amerikalıların hüquqlarına və demokratiyanın gələcəyinə təhlükə törədən “texniki-sənaye kompleksi” barədə xəbərdarlıq edib.
Hakimiyyəti Donald Trampa təhvil verməyə hazırlaşan Bayden hakimiyyət və var-dövlətin kiçik bir zümrənin əlində cəmləşməsi ilə bağlı həyəcan təbili çalıb.
“Bu gün Amerikada ifrat zənginlik, qüdrət və nüfuzun formalaşdırmaqda olduğu oliqarxiya bötüvlükdə demokratiyamıza, fundamental haqlarımıza və azadlıqlarımıza, və hər adamın fürsət əldə edə bilməsinə əsl təhlükə törədir,” Bayden deyib.
O, diqqəti “cüzi miqdarda ultra-varlı adamların əlində təhlükəli konsentrasiyası” və “hüdud qoyulmadığı halda hakimiyyətdən sui istifadənin təhlükəli fəsadlarına” çəkib.
Birləşmiş Ştatların 34-cü prezidenti olmuş Duayt Eyzenhauerin vaxtikən hərbi-sınaye komleksinin artan gücü haqda vida nitqini xatırladan Bayden “texniki-sənaye kompleksinin eyni dərəcədə ölkənin gələcəyinə təhlükə törətməsindən” narahatlığını ifadə edib.
Baydenin oliqarxiya ilə bağlı xəbərdarlığı dünyanın ən varlı adamlarının və texnologiya sənayesi nəhənglərinin ələlxüsus noyabr ayındakı qələbəsindən sonra Donald Trampın ətrafına cəmləşdiyi bir vaxta təsadüf edir.
Milyarder Elon Mask Trampın prezident seçilməsinə yardımçı olmaq üçün 100 milyon dollardan artıq pul xərcləyib. META rəhbəri Mark Zakerberq və Amazon rəhbəri Ceff Bezos Trampın andiçmə mərasimi üzrə komitəsinə pul ianə etmiş və yenicə seçilmiş prezidentlə görüşmək üçün Trampın Florida ştatındakı malikanəsinə gəlmişlər.
Bayden habelə iqtidarda olan prezidentlərə verilən immunitetin ləğv edilməsi üçün konstitutsional düzəliş qəbul etməyə çağırıb. Bu çağırış ötən il Ali Məhkəmənin Trampı 2020-ci il prezident seçkilərində Baydenə məğlubiyyətini heçə endirmək cəhdləri üzrə məsuliyyətdən qorumaq barədə hökm çıxarmasında sonraya təsadüf edir.
Çərşənbə səhəri yayımlanan məktubda Bayden öz administrasiyasının COVID-19 pandemiyasının və 6 yanvar 2021-ci ildə Tramp tərəfdarlarının 2020-ci ildə Baydenin qazandığı seçkinin nəticələrini ləğv etmək üçün ABŞ Kapitolisinə hücumunun kölgəsində başlandığını vurğulayıb.
“Dörd il əvvəl biz təhlükəli bir qışda və yeni fürsətlər dövründə idik,” deyə o, məktubunda bildirib: “Amma biz amerikalılar kimi birləşdik və bu çətinlikləri birlikdə aşdıq. Daha güclü, daha firavan və daha təhlükəsiz olduq.”
Prezidentin vida çıxışı xüsusi prokuror Cek Smitin Trampın 2020-ci il seçkisindən sonra hakimiyyətdə qalmaq üçün qanunsuz cəhdlərdə ittiham edilməsinə dair son hesabatını açıqlamasından bir gün sonraya təsadüf edir. Smitin hesabatında göstərilib ki, Trampın 2024-cü il seçkisində qələbə qazanması məhkəmənin davam etməsini mümkünsüz etsə də, sübutlar prezidentliyə seçilmiş şəxsin mühakimə olunması üçün kifayət idi.
Tramp dəfələrlə hər hansı qanunsuzluq etdiyini inkar edib və xüsusi prokurorun işini siyasi motivli adlandırıb.
Baydenin çıxışı, həmçinin, ABŞ Dövlət Departamentində xarici siyasət kursunu müdafiə etdiyi bazar ertəsi çıxışından sonra baş tutub.
Bu, onun Oval Ofisdən beşinci və sonuncu rəsmi çıxışı idi. Altı ay əvvəl etdiyi çıxışda Bayden, seçkilərdə Trampa qarşı mübarizəyə Kamala Harrisi dəstəkləyərək prezidentliyə namizədliyini geri çəkmək qərarını izah etmişdi.
Bayden 2020-ci ildə Trampa qalib gəldiyi seçki kampaniyasının əsas mövzusu olan “Amerikanın ruhu uğrunda mübarizə”ni xatırladıb.
“Mən Amerikanın ruhunun təhlükə altında olduğuna inandığım üçün prezidentliyə namizəd oldum”, deyə Bayden yazıb. O bildirib ki, bu təhlükə hələ də qalır və Amerika ideyası “hamımızın bərabər yaradıldığı, Yaradan tərəfindən ayrılmaz hüquqlarla təmin olunduğu, o cümlədən həyat, azadlıq və xoşbəxtliyə can atma hüquqları ilə” bağlı inanca əsaslanır.
“Biz bu müqəddəs ideyaya heç vaxt tam əməl etməmişik, lakin heç vaxt ondan üz çevirməmişik də,” deyə o əlavə edib: “Mən inanıram ki, Amerika xalqı indi də ondan üz çevirməyəcək.”
Forum