Azərbaycanda quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək. Bu barədə ölkənin Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata görə, monitorinq 13-17 yanvar tarixlərində baş tutacaq.
“Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək”, rəsmi məlumatda deyilir.
Bundan əlavə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.
Tədbirlər müddətində götürülmüş nümunələrin Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
Ekspertlər Azərbaycanın rəsmi qurumlarının quş qripi ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirməsini vacib sayır.
Azərbaycan Ornitoloji Cəmiyyətinin məlumatına görə, qış yumşaq keçəndə Azərbaycanda 300-500 qu quşu qışlayırsa, qış sərt keçəndə bunların sayı 30 minədək qalxır. Yalnız Qızılağac Dövlət Qoruğunda sərt qışlarda 20 minədək qu quşu olur.
Ümumilikdə isə il ərazində Azərbaycan ərazisində azı bir milyonadək quş qışlayır. Quşlar əsasən böyük su bataqlıq sahəsi olan Qızılağac Dövlət Qoruğunda, Kürün deltasında, Sarı Su gölü, Ağ göl, Abşeron-Qobustan dəniz sahili-Abşeron Milli Parkı, Pirallahı adası, Dərin Özüllər Zavodu, Ələt buxtası, Yaşma adası, Candar gölü, Minkənd su anbarı, Mingəçevir su anbarının Samux sahəsi, Acınohur gölü və digər yerlərdə qışlayır.
Bununla yanaşı fevral ayından başlayaraq quşların köçü başlayır. Rəsmi məlumatlara görə, Azərbaycan ərazisi vasitəsi ilə azı 10-12 milyon quş köç edir.
Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen "quş qripi" 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və bu, vaxtaşırı özünü büruzə verib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə 2006-cı ildə 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib. Təşkilat ölənlərin 4-nün Azərbaycanın cənub-şərq rayonlarından olduğunu bildirib.
2008-ci ildə Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə Milli Plan qəbul edilib.