Tehran həbsxanasında saxlanılan türk fəalların tibbi yardımdan məhrum olduğu bildirilir

Təqribən 11 aydır Tehranın Evin həbsxanasında saxlanılan türk fəalların lazımi tibbi xidmət və ehtiyac duyduqları dərmanlardan məhrum olduğu bildirilir.

Fevral ayında İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınıb, Tehranın Evin həbsxanasına köçürülən 30-a yaxın siyasi fəaldan bir neçəsinin həbsi hələ də davam edir.

Siyasi məhbuslardan bəziləri, o cümlədən Murtəza Pərvin və Tahir Nəqəvi xroniki xətəliklərdən əziyyət çəkirlər. Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, onların həbsxana məsullarına ehtiyac duyduqları tibbi yardım tələbi ilə dəfələrlə etdikləri müraciətləri nəticəsiz qalıb. Keçən aylarda Pərvin və Nəqəvinin sağlamlıq vəziyyətinin ağırlaşması ilə bağlı bir neçə dəfə məlumat yayılıb.

SEE ALSO: Sina Yusufi: Bu fəalların məhkəməsi Tehranda deyil, Təbrizdə keçirilməli idi

Son günlərdə isə Bağır Hacızadə, Ayaz Seyfxah və Araz Əmanın sağlamlıq vəziyyətinin şiddətli soyuqdəymə səbəbindən pisləşdiyi bildirilib. Araz News Telegram kanalının yaydığı məlumata görə, fəallar kəskin qızdırmanın yüksəlməsinə baxmayaraq ehtiyac duyduqları dərmanlarla təmin edilməyiblər.

Fevral ayının 5-7-si tarixlərində fərqli vilayətlərdə nəzarət altına alınıb və Evin həbsxanasına göndərilən bu fəallar Tehran İnqilab Məhkəməsi tərəfindən “nizama qarşı təbliğat”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və casusluq kimi ittihamlarla təqsirli bilinərək 3 ildən 13 ilə qədər həbsə məhkum olublar.