Təbrizdə yerləşən Beynəlmiləl Xəstəxanasının bir neçə əməkdaşı imkansız xərçəng xəstələri üçün nəzərdə tutulan dərmanları xəstəxanadan çıxararaq bazarda qeyri-qanuni şəkildə satıblar. Bu dərmanların yerinə isə xəstələrə distillə olunmuş su vurulub.
Təbriz Ümumi və İnqilab Prokuroru Məhbub Əlilu məsələ ilə bağlı açıqlamasında bildirib ki, sözügedən şəxslər müəyyən edilərək saxlanılıb və hazırda müvəqqəti həbsdədirlər. O qeyd edib ki, istintaq prosesi davam edir və məsələ ilə bağlı geniş araşdırmalar aparılır.
Son həftələrdə sosial mediada yayılan məlumatlarda xəstəxanada kimyaterapiya dərmanlarının satıldığı və bəzi xəstələrə dərman əvəzinə su vurulduğu bildirilirdi. Bu xəbərlər xəstələr və onların ailələri arasında ciddi narahatlığa səbəb olmuşdu.
Xəstəxana rəhbərliyi bu hadisəni fərdi hal kimi qiymətləndirərək, xəstəxananın ümumi idarəetməsinin bu işdə əli olmadığını bəyan edib. Xəstəxananın İctimaiyyətlə Əlaqələr şöbəsi qeyd edib ki, qanunsuz əməl xəstəxananın təhlükəsizlik xidməti tərəfindən aşkar edilib və müvafiq orqanlara məlumat verilib.
Bəzi ailələr xərçəng xəstəsi olan əzizlərinin vəfatından sonra onların dərmanlarını xəstəxanaya ianə edirdi. Bu dərmanlar isə imkansız xəstələr üçün saxlanılırdı.
Təbriz Beynəlmiləl Xəstəxanasının baş həkim müavini Şəhriyar Muxtari də xəstəxanada baş verən hadisəni fərdi qanun pozuntusu olaraq qiymətləndirib və İSNA xəbər agentliyinə açıqlamasında bildirib ki, "Bazarda dərman satışı ilə məşğul olan əməkdaşımız aşkar edilərək polisə verilib".
Təbriz Tibb Elmləri Universitetinin rektoru Əhmədrza Cövdəti də məsələyə münasibət bildirərək qeyd edib ki, bu qanunsuz əmələ cəmi iki-üç nəfər əməkdaş cəlb edilib və onlar artıq həbs edilib.
Rektor bildirib ki, xəstələrə distillə olunmuş su vurulması nəticəsində kimyaterapiya kurslarından biri pozulub və bu, onların həm sağlamlığına, həm də maddi vəziyyətinə ciddi zərər vurub. Lakin müalicə həkimləri itirilmiş kursun bərpası üçün səylərini davam etdirir.
SEE ALSO: İranın Qərbi Azərbaycan vilayətində dərman çatışmazlığı problemi davam edirİran Azərbaycanı daxil olmaqla, İranda dərman qıtlığı uzun illərdir ki, xəstələr və onların ailələri üçün ciddi problemə çevrilib. Dərman çatışmazlığı qiymət artımına səbəb olaraq imkansız xəstələrin müalicə prosesini daha da çətinləşdirir.
Həmçinin dərman çatışmazlığı və xərçəng kimi ağır xəstəliklərin müalicəsində istifadə edilən dərmanların baha olması bu dərmanların qeyri-qanuni bazarlarda alqı-satqısını və qaçaqmalçılığını stimullaşdırır.