Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan İranın yaxında dərmanların qıtlığı və bahalaşması ilə üzləşəcəyi haqda xəbərdarlıq edib.
İSNA xəbər agentliyinin yaydığı məlumata görə, İran parlamentinin Səhiyyə Komissiyasının üzvü olan Təbriz millət vəkili Məsud Pezeşkiyan İranda dərmanların bahalaşması və qıtlığı barədə xəbərdarlıq edərək, rəsmilərin tezliklə bu məsələyə müdaxilə etməsini istəyib.
Pezeşkiyanın dediklərinə görə, dərmanların bahalaşması artıq açıq və aydın bir məsələdir və yaxın zamanda daha da pis hala gələcək.
Təbriz şəhərinin millət vəkili Məsud Pezeşkiyan hökumət tərəfindən dərmanlara vəsaitin ayrılmadığı haqda məlumat verib və deyib ki, “hökumətdə bildirir ki, dərmana ayrılan vəsait aradan qaldırılmayıb, amma bu doğru deyil.”
“Hökumət digər tərəfdən, sığorta şirkətlərinə rial verəcəyini iddia edib, halbuki büdcə bağlıdır, gəlirlər isə aşkardır. Hökumətdə bu məsələ üçün pul yoxdur”-deyə, deputat bildirb.
Pezeşkiyanın dediyinə görə, İranda dərmanla əlaqədar növbəti problem dərmanların istehsalı məsələsidir. İranda dərmanların 95%-dən çoxu yerli istehsaldır, amma onların xammalı xaricdən gəlir. Dərman istehsal edən şirkətlərin isə xammalı ala bilmələri üçün kifayət qədər pulları yoxdur. Nəticədə İranda dərman qıtlığı yaranacaq, vətəndaşlarda pul olsa belə, onlar bir sıra dərmanları tapa bilməyəcəklər.
“Hökumətin sözü ilə əməli üst-üstə düşmür. Məlumatlara görə, xammalı idxal etmək üçün dərmana verilməli olan vəsaitlər hələ də verilməyib”- deyə, Pezeşkiyan vurğulayıb.
İran parlamentinin Səhiyyə Komissiyasının üzvü Məsud Pezeşkiyan bu məsələnin həllini çox çətin görür.
“Rəsmilər daha öncədən bu məsələyə diqqət yetirməli və lazımi tədbirləri görməliydilər. Əgər dərman üçün vəsait ləğv olunmalı idisə, hökumət istehsalçılara kifayət qədər rial verməli idi. Beləliklə istehsalçılar xammal alıb, sonra isə istehsal etdikləri dərmanı satıb və pulunu geri qaytara bilərdilər. Lakin banklar istehsalçılara pul verməyiblər və digər tərəfdən sığorta şirkətlərinin belə pulu yoxdur,”- Təbriz deputatı qeyd edib.
Millət vəkili həmçinin son günlərdə Ruydad24 saytına verdiyi müsahibədə ölkənin iqtisadi vəziyyətinin keçən ilə görə daha da pisləşəcəyini deyib. O, ölkə problemlərinin dərinləşməsi nəticəsində müxtəlif iqtisadi siniflər arasında narazılığın artıb-artmayacağına dair suala cavabında bu il ölkənin iqtisadi və sosial vəziyyətinin daha pis olacağını bildirib.
O, həmçinin İbrahim Rəisinin verdiyi vədlərə toxunaraq, deyib ki, "şüar vermək və böyük sözlər danışmaqla" ölkənin problemləri həllini tapmır. Pezeşkiyan həm də İbrahim Rəisinin verdiyi vədlərin indiyədək yerinə yetirilməməsini tənqid edib.