Fransa səfirinin fikirlərinə rəsmi Bakı reaksiya verib

Fransanın Azərbaycandakı səfiri Ann Buayon

Fransanın Azərbaycandakı səfiri Ann Buayonun X Platformasında yazdığı iki cümlə Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyasına səbəb olub.

Səfir Ann Buayon X Platformasında yazıb ki, Fransa səfirliyinə göndərilən viza sorğuları bu il yenidən artmaqdadır.

“Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?” səfir Buayon Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və RİA Novosti agentliyinə müsahibəsində Fransa Prezidenti Makronu və Qərb dövlətlərinin Azərbaycana qarşı siyasətini kəskin tənqidinə işarə edərək bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfiri Ann Buayona belə cavab verib.

"Xanım səfir Ann Buayon, hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir. Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi görünür ki, yeni üsuldur. Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı səfirliyi yalnız Fransaya səfər üçün viza vermir.

Real göstəricisi isə əslində budur: ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb (2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər)", Ayxan Hacızadə X Platformasında qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və RİA Novosti agentliyinə müsahibəsində ABŞ və Qərb dövlətlərinin, xüsusilə Fransanın Azərbaycana və Cənubi Qafqaza qarşı siyasətini kəskin tənqid edib. Prezident Əliyev Prezident Makronu Cənubi Qafqazda, ümumilikdə regionda və dünya çapında uğursuzluğa düçar olmaqda günühalandırıb. İlham Əliyev Fransanı nekolonializmdə ittiham edib.