Şərqi Azərbaycan vilayətində yol qəzalarında 8 ay ərzində hər gün orta hesabla 3 nəfər həyatını itirib

İranda Yollar

İranın Şərqi Azərbaycan vilayətində yol-nəqliyyat hadisələrinin sayı faciəvi səviyyədə qalmaqda davam edir. Son 8 ay ərzində baş verən yol qəzalarında 777 nəfər həyatını itirib. Bu isə hər gün orta hesabla 3 nəfərin ölümünə bərabərdir.

İran mediasında yayımlanan məlumata görə, Şərqi Azərbaycanın Ədli Tibb İdarəsinin direktoru Mehrdad Setare bildirib ki, 20 mart - 20 noyabr 2024-cü il tarixləri arasında baş verən qəzalarda 652 kişi və 125 qadın həyatını itirib. Həmçinin bu müddətdə 14 min 143 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ədli Tibb rəsmisi qeyd edib ki, cari ilin göstəriciləri keçən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalma göstərir. Belə ki, ötən ilin eyni dövründə yol qəzalarında 784 nəfər həyatını itirmişdi. Lakin bu cüzi azalmanın səbəblərinin yol və avtomobil standartlarının yaxşılaşdırılması ilə əlaqəli olmadığı bildirilir.

Bundan əvvəl yayımlanan məlumatlara görə, mart ayından oktyabradək 6 ay müddətində Şərqi Azərbaycanda 588 nəfər həyatını itirib, 10 mindən çox insan yaralanıb. Bu da il ərzində qəzaların artma tendensiyasını göstərir.

SEE ALSO: Şərqi Azərbaycanda yol qəzalarında gündə orta hesabla 2,7 nəfər həyatını itirir

Son illərdə yol qəzalarında ölüm göstəriciləri dəyişməz olaraq qalır. 2023-cü ildə Şərqi Azərbaycanda 989 ölüm hadisəsi qeydə alınmış və bu, vilayətin ölkədə 8-ci yerdə qərarlaşmasına səbəb olmuşdu. İran miqyasında isə həmin il 20 mindən çox insan yol qəzalarının qurbanı olmuşdu.

Yol infrastrukturu və nəqliyyat təhlükəsizliyi tədbirlərinin təkmilləşdirilməsi, eləcə də sürücülərin maarifləndirilməsi və qaydalara əməl edilməsi səviyyəsinin artırılması yol qəzalarının sayını azaltmaq üçün əsas şərtlərdən biri olaraq qalır.