Yuriy Husyev: Ukrayna və Azərbaycan strateji tərəfdaşlığın inkişafı üzərində işləyir

Hikmət Hacıyev və Yuriy Husyev (Mənbə: Sosial şəbəkə)

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Bu barədə səfir Husyev X platformasında məlumat yayıb.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə məhsuldar görüş keçirdik. Biz əlaqələrin gücləndirilməsi, iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə etdik. Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarıq və biz strateji tərəfdaşlığımızın inkişafı üzərində işləyirik”, Ukraynanın Azərbaycandakı səfiri bildirib.

Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.

Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan edib.

Ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımlarının ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 214 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.

Ukraynanın İrpin şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası aparılıb. Bu ilin oktyabrında İrpin şəhərinin 4 yenidənqurma layihəsinin Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcəyi bəyan edilib.

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırılıb. Elektrik avadanlıqlarından ibarət humanitar yardımlar artıq Ukraynaya çatdırılıb.

Rəsmi məlumatlara görə, Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi Rusiya-Ukrayna müharibəsindən öncə, 2021-ci ildə 1 milyard 82 milyon dollar səviyyəsində olub. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya-Ukrayna müharibəsinin başlanmasından bir ay öncə, 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri zamanı iki ölkə prezidenti 2024-cü ilədək ticarət həcminin iki dəfə artırılması barədə razılığa gəlib. Lakin 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqələrdə fasilələr yaranıb.

Buna baxmayaraq, 2024-cü ilin ilk 8 ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 22 faiz artaraq 335 milyon dollara yaxın olub.

2024-cü il sentyabrın 30-da Azərbyacanın işğaldan azad edilmiş Laçın şəhəri ilə Ukraynanın İrpin şəhərlərinin qardaşlaşması haqqında memorandum imzalanıb.