Azərbaycanda "ekstremist qruplaşmanın" ifşa edildiyi bildirilir

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti təxribat və girov götürmə cinayətlərini planlaşdıran “ekstremist qruplaşmanı” ifşa etdiyi barədə məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, Azərbaycan vətəndaşları - Fəxrəddin Şahmurov, Calal Muradov, Kamran Babayev və digərlərinin Azərbaycanın konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib cinayətkar birlik yaratmaları, respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görmələri təsbit edilib.

“Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilib. Fəxrəddin Şahmurov cinayətkar qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycanın dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb. Görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınıb”, məlumatda qeyd edilir.

Fəxrəddin Şahmurov Azərbaycan Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma) və 281.2 (dövlət əleyhinə çağırışlar məzmunlu materiallar yayma), Calal Muradov və Kamran Babayev isə Cinayət Məcəlləsinin 281.2-ci və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub, həmçinin digər şəxslər istintaqa cəlb edilib.

Bununla yanaşı həbs olunmuş şəxslərin vəkilləri və yaxınları hələ hər hansı şərh verməyib.

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın hansı ölkə ilə sərhədindəki gömrük postuna hücum planlaşdırılması barədə məlumat vermir.

Müşhaidəçilər güman edir ki, burada Rusiya ilə sərhəddəki gömrük postundan söhbət gedə bilər. Azərbaycanın şimal, şimal-qərb regionunda bundan öncə də, 2007-2008-ci illərdə qanunsuz silahlı birləşmələr terror aktları törətməyə cəhdlər edib. 2008-ci il avqustun 17-də “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşmənin üzvləri həmçinin Bakı şəhərində “Əbu Bəkr” məscidində insanların ölümü və yaralanması ilə nəticələnən partlayış törədib.

Bununla yanaşı 2012-ci ildə Bakıda keçirilən Eurovision mahnı müsabiqəsi öncəsi ölkənin müxtəlif regionlarında terror hücumlarına cəhd edən "Dağıstan Əmirlərinin Şurası" adlı qanunsuz silahlı birləşmənin iyirmidən çox üzvü atışmalarda zərərsizləşdirilib və həbs edilib.