Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, 2008-ci il avqustun 17-də Əbu-Bəkr məscidində partlayış törədilməsində şübhəli bilinən şəxslər əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmiş, özünü "Dağıstan camaatı"nın əmiri elan edən "Əbdülməcid" ləqəbli İlqar Mollaçıyev, onun qaynı "Süleyman" ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir. Bu barədə MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında deyilir.
MTN-in keçirdiyi əməliyyat nəticəsində 13 nəfər qrup üzvü həbs edilib, onlardan çoxlu sayda odlu silah, döyüş sursatı, partlayıcı qurğular, onların sxemləri, hazırlanma təlimatları, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar aşkar olunaraq götürülüb. "Həmin şəxslərdən Taleh Məhərrəmov və Samir Babayev üzv olduqları silahlı birləşmənin fəaliyyəti, plan və niyyətləri barədə ətraflı ifadələr verib, Bildiriblər ki, Samir Mehdiyev, İlqar Mollaçıyev və digərləri iyulun 19-da Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək həmin şəxslərin yardımı ilə Bakı və Sumqayıt şəhərlərində yerləşib. Hazırlanmış plana əsasən, özlərini "Meşə qardaşları" adlandıran silahlı birləşməyə daxil olan "Sumqayıt camaatı" adlı birinci qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli, "Quba və Qusar camaatı" adlı ikinci qrupun üzvləri isə respublikanın dağ-meşə massivində hərbi düşərgələr yaratmalı idi. Qrupun həbs edilmiş üzvlərinin verdiyi ifadələrə əsasən, "Əbu-Bəkr" məscidində baş vermiş hadisə İlqar Mollaçıyev və Samir Mehdiyev tərəfindən təşkil edilib".
Məlumatda deyilir ki, hələ 2007-ci
ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "Meşə qardaşları" adlı
silahlı birləşmənin 17 nəfər üzvü, o cümlədən liderlərindən biri - "Əbu
Cəfər" ləqəbli Naif Abdulkərim Əl-Bedevi həbs edilib. Həmin silahlı
birləşməyə başcılıq edənlərdən biri İlqar Mollaçıyev, onun qaynı Samir Mehdiyev
və qeyriləri barəsində isə cinayət təqibi davam etdirilib. Sumqayıt qrupu
üzvlərinin həbsindən sonra Mollaçıyev və Mehdiyev "Meşə qardaşları"
adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında
qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi
sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırıb.
MTN hazırda qrupun bütün üzvlərinin
aşkar edilməsi və saxlanması üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərini
davam etdirir.