İranın Qərbi Azərbaycan vilayəti dərman çatışmazlığı problemi ilə uzun müddətdir üz-üzədir. Məsələ ilə bağlı son illər dəfələrlə məlumatlar verilib.
İLNA xəbər agentliyinin açıqladığı son məlumata əsasən, valyuta məzənnəsinin artması, dərmanların paylanmasında düzgün idarəetmənin olmaması və ölkəyə tətbiq edilən sanksiyalar bu problemin əsas səbəbləri kimi göstərilir.
Məlumata əsasən, vilayətdəki apteklər xüsusilə Urmiyədən kənar şəhərlərdə ağır xəstələrin ehtiyacı olan xüsusi dərmanlarla təmin olunmur. Həmin xəstələr dərmanlarını almaq üçün vilayətin mərkəzi olan Urmiyəyə müraciət etməyə məcbur olurlar. Hətta vilayətdə dərman təminatının əsas mərkəzlərindən biri olan Urmiyə Qırmızı Aypara aptekində belə bəzi dərmanların miqdarının məhdud olduğu və xəstələrin tələbatını ödəmədiyi bildirilir.
Rəsmi statistikaya görə, Qərbi Azərbaycanda 4,689 müalicəsi çətin olan xəstə qeydə alınıb ki, onlardan 492-si ağır xəstəliklərdən əziyyət çəkir. Metilfenidat (ADHD xəstələrinin müalicəsi üçün tələb olunan) və "kəpənək simptomu" (EB) olan xəstələr üçün nəzərdə tutulan dərmanların çatışmazlığı mövcuddur. Bundan əlavə, bu dərmanların yüksək qiyməti də xəstələr üçün ciddi problemlər yaradır.
Bu vəziyyət illərdir dvam edir və İran mediası dəfələrlə bölgədə dərman çatışmazlığı və dərman qiymətlərinin yüksək olması ilə bağlı hesabatlar yayımlayıb. Eyni zamanda, vəziyyət xəstələr və ailələri qarşısında ciddi çətinliklər yaradır. Belə ki, ciddi xəstəliklərin yaratdığı çətinliklərə əlavə olaraq, xəstələr dərman təminatı ilə bağlı ağır psixoloji vəziyyətə düşürlər. Xəstələr yüksək dərman xərcləri, işlərini itirmə və müalicə ilə bağlı əlavə xərclər, o cümlədən yol xərcləri və düzgün qidalanma kimi çətinliklərlə üzləşirlər.
Xərçəng - vilayətdə ikinci əsas ölüm səbəbi
Xərçəng xəstəliyi Qərbi Azərbaycan vilayətində ikinci əsas ölüm səbəbi hesab olunur. Baxmayaraq ki, bəzi xeyriyyə təşkilatları vilayətdə xərçəng xəstələrinə pulsuz və ya aşağı qiymətlərlə xidmətlər göstərir, xəstələrin əksəriyyəti hələ də müalicənin yüksək xərcləri və məhdud imkanlar səbəbindən böyük problemlərlə üzləşir.
Dərman çatışmazlığı yalnız xüsusi xəstələrlə məhdudlaşmır. İSNA xəbər agentliyində yayımlanan məlumata görə, bu ilin yanvarında Urmiyə Tibb Universitetinin dərman nəzarəti və qiymətləndirilməsi idarəsinin müdiri vilayətdə 130 adda dərman çatışmazlığı barədə məlumat verib. Problem adi dərmanlar, o cümlədən antibiotikləri də əhatə edir.
SEE ALSO: Təbriz millət vəkili: İran yaxında dərman qıtlığı ilə üzləşəcəkQərbi Azərbaycan vilayətinda müalicəsi çətin olan xəstəliklərin dərmanlarında çatışmazlıq problemi yalnız xəstələrin fiziki əzablarını artırmır, eyni zamanda onlara və ailələrinə ciddi maliyyə və psixoloji yük gətirir.
Birləşmiş Ştatlar dərmanların və humanitar malların sanksiyalardan azad olduğunu vurğulasa da, İranda dərman çatışmazlığı böhranının əsasən daxili idarəetmə problemlərindən qaynaqlandığı müşahidə olunur. Rəsmi İRNA xəbər agentliyində yayımlanan İran Parlamentinin Səhiyyə Komissiyasının hesabatına görə, ölkədə dərman çatışmazlığının bir neçə əsas səbəbi var. Bunlar dövlət qurumları arasında koordinasiya çatışmazlığı, dərman sənayesində maliyyə resurslarının yetərsizliyi, təchizat və paylanma proseslərində vaxtında düzgün idarəetmənin olmaması və dərman qaçaqmalçılığının artmasıdır. Bu problemlər valyuta məzənnəsindəki dəyişikliklərlə birlikdə dərman qıtlığına, qiymətlərin kəskin artmasına və vətəndaşların həyati əhəmiyyəti olan dərmanlara çıxışında ciddi maneələrə yol açır.