Təbriz qeydiyyat şöbəsi məhkəmə qərarına rəğmən “Əmrə” adlı uşağa şəxsiyyət vəsiqəsi vermir

İranın vətəndaşlıq qeydiyyatı idarəsinin Təbrizdə “Xansari” ailəsinin 5 aydan artıqdır dünyaya gələn uşağına türkcə “Əmrə” adı ilə şəxsiyyət vəsiqəsi vermədiyi bildirilib.

Müxtəlif mənbələrin Dan dərgisi adlı bir Instagram hesabına istinadən yaydığı məlumata görə, Təbriz qeydiyyat şöbəsi ailənin lehinə çıxarılmış bir məhkəmə qərarına rəğmən Əmrə adını qeydiyyata almaqdan imtina edir.

Dan dərgisi hesabının paylaşdığı yazıya görə, “bu uşaq iyul ayının 1-də dünyaya gəlib. Valideynləri ona türkcə Əmrə adını seçiblər ancaq qeydiyyat idarəsinin Təbrizin Lalə bölgəsi şöbəsi adın idarənin internet portalının adlar siyahısında olmadığını irəli sürərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.”

Xansari ailəsi qeydiyyat şöbəsindən rədd cəvabı aldıqdan sonra məhkəməyə müraciət etmişdi. Müraciətin ardınca Təbriz ümumi məhkəməsinin 18-ci şöbəsi ailənin şikayətini təmin etmişdi.

SEE ALSO: Urmiyə qeydiyyat şöbəsi bir uşağa Alpaslan adlı ilə şəxsiyyət vəsiqəsi verməyi rədd edir

“İranın vətəndaşlıq qeydiyyatı idarəsi məhkəmənin qərarına uyğun olaraq şəxsiyyət vəsiqəsi vermək yerinə qərara etiraz bildirdi. Məhkəmə isə işi İranın inzibati ədalət məhkəməsinə göndərdi, lakin inzibati məhkəmə ailənin şikayətini təmin etmədi. Bütün bu maneələr səbəbilə ailə bir çox problemlə üzləşməkdədir,” Dan dərgisi paylaşıb.

Dan dərgisi hesabının paylaşımında həmçinin yazılıb ki, “qəribə burasıdır ki, Əmrənin atasının adı eyni kökdən olan ‘Əmrah’dır. Ancaq, məsullar boş bəhanələr ilə Əmrə adına şəxsiyyət vəsiqəsi verməyi rədd edirlər.”

Son illərdə İran Azərbaycanı və türklərin yaşadığı digər vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayının artdığı görünür. Ailələr övladlarına xüsusilə Türkiyədə populyar olan adları verməyə üstünlük verirlər.

İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır.

Ailələr övladlarına şəxsiyyət vəsiqəsi verilmədiyinə görə dövlətin səhiyyə və digər xidmətlərindən yararlana bilməyib və özəl sektordan xidmət almaq üçün yüksək məbləğlər ödəməli olurlar.

SEE ALSO: Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib

Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Hakan, Anar, Türkay, Tarkan və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat idarələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.

Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını irəli sürərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.