AXCP Daşkəsən rayon şöbəsinin sədri altı il yarım həbsə məhkum edilib

Sahib Məmmədzadə (Fotonu Sahib Məmmədzadənin özü təqdim edib)

Dekabrın 10-da Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Natiq Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən Rayon Şöbəsinin sədri Sahib Məmmədzadəni 6 il 6 ay həbsə məhkum edib.

Bu barədə Amerikanın Səsinə vəkil Zabil Qəhrəmanov bildirib.

O, hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.

Vəkilin sözlərinə görə, məhkəmə istintaqı zamanı narkotik maddənin Sahib Məmmədzadəyə məxsus olması sübut olunmayıb.

“Məmmədzadə bildirdi ki, narkotiki polislər onun cibinə qoyub. O, ümumiyyətlə narkotikin hansı rəngdə olduğunu belə bilmir. Hal şahidləri də narkotikin Məmmədzadəyə aid olduğunu təsdiq etmədilər. Məmmədzadə AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri olduğu üçün siyasi fəaliyyətinə görə şərləndiyini diqqətə çatdırdı”, vəkil qeyd edib.

Dövlət ittihamçısı Sahib Məmmədzadəyə 7 il 6 ay həbs istəmişdi.

Bu il martın 19-da Göygöl Rayon Məhkəməsi hakim Əyyub Kərimovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən Rayon Şöbəsinin sədri Sahib Məmmədzadə barəsində həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə cinayət işi qaldırılıb.

Sahib Məmmədzadə martın 18-də mal-qarasını Daşkəsən rayonuna yaylağa apararkən polislər tərəfindən saxlanılıb.

AXCP Məmmədzadənin siyasi fəaliyyəti ilə bağlı saxlanıldığını bildirib.