Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda AİHM qərarlarının icrası ilə bağlı qərarlarını elan edib

Avropa Şurası

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasının son vəziyyətini qiymətləndirən bir neçə qərar qəbul edib.

Nazirlər Komitəsi 3-5 dekabr tarixlərində keçirdiyi rüblük iclasında “Məmmədli”, “Nemət Əliyev”, “Muradova”, “Məmmədov (Cəlaloğlu)” və “Mikayıl Məmmədov” qrup işləri, habelə “Makuçyan və Minasyan Azərbaycana qarşı” və “Sarqsyan Azərbaycana qarşı” işlərinə baxıb.

Nazirlər Komitəsi hökumətin əvvəlki təminatlarına baxmayaraq, “Məmmədli” qrupu işlərində heç bir irəliləyişin bildirilməməsi və ərizəçilərin məhkumluğunun hələ də qüvvədə qalmasından “dərin təəssüfünü” ifadə edib.

Azərbaycanda 2013-2016-cı illərdə hökumət tənqidçilərinə qarşı təqiblərlə bağlı olan “Məmmədli” qrupunda vətəndaş cəmiyyəti nümayəndələri Anar Məmmədli, İntiqam Əliyev, Arif və Leyla Yunusların, jurnalist Xədicə İsmayılovanın, fəallar Qiyas İbrahimov və mərhum Bayram Məmmədovun işləri yer alır.

Nazirlər Komitəsi hakimiyyət orqanlarını onların məhkumluğunun dərhal ləğv edilməsi, mülki və siyasi hüquqlarının tam bərpası üçün səyləri təcili olaraq artırmağa çağırıb və bu işlərə Ali Məhkəmədə yenidən baxılmasının “həddən artıq və izahedilməz gecikmə”si ilə əlaqədar narahatlığını təkrarlayıb.

“Məmmədli” qrupu işlərində AİHM Azərbaycanda hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin cəzalandırma məqsədi ilə məhkəmə təqiblərinə məruz qaldığını, qanunun aliliyinə zidd olaraq cinayət qanunlarından sui-istifadə yolu ilə əsassız həbslərin narahatlıq doğuran tendensiyasını aşkarlayıb.

Nazirlər Komitəsi 5 ildən artıqdır Azərbaycan hökumətini siyasi və qisas motivli həbslərin və təqiblərin qarşısının alıması üçün hərtərəfli islahatlar keçirməyə çağırır.

İnsan hüquqları təşkilatları isə Azərbaycanda ötən bir il ərzində müstəqil media və vətəndaş cəmiyyətinə qarşı artan təqiblər, o cümlədən Anar Məmmədlinin yenidən həbs edilməsi fonunda hökumətin bu istiqamətdə addımlar atmaqdan uzaq olduğunu qeyd edir.

SEE ALSO: Avropa Şurasının İnsan Hüquqları Komissarı Prezident Əliyevə məktubunda həbslərlə bağlı narahatlıq ifadə edib

Nazirlər Komitəsi bu gün həmçinin 2005 və 2010-cu il parlament seçkilərində azad seçki hüququ pozulmuş ərizəçilərin işlərinin toplandığı “Nemət Əliyev” qrup işləri üzrə qərarını elan edib.

Komitə narahatlıqla qeyd edir ki, seçki hüququ pozuntularının həllinə dair uzun müddətdir etdiyi müraciətlərə baxmayaraq, AİHM tərəfindən müəyyən edilmiş əsas problemlər həll edilməmiş qalmaqdadır. Azərbaycan hökuməti bu xüsusda yenidən Məhkəmənin nəticələrinə və Venesiya Komissiyasının tövsiyələrinə cavab verən hərtərəfli islahatlar keçirməyə çağırılır.

Bu həftə yenidən müzakirə edilən “Muradova”, “Məmmədov (Cəlaloğlu)”“Mikayıl Məmmədov” qrup işləri isə Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilmiş işgəncə və pis rəftara, bununla bağlı səmərəli araşdırmaların aparılmamasına dair işləri əhatə edir.

Qərarda Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin (CPT) Azərbaycanın hüquq-mühafizə orqanlarında pis rəftarın davamlı problem olaraq qalması barədə son bəyanatı təəssüflə qeyd olunur.

CPT iyulun 3-də yaydığı bəyanatda Azərbaycanın bu qurumla əməkdaşlıq etməməsi, Azərbaycan hökumətinə, xüsusən də Daxili İşlər Nazirliyinə verilən tövsiyələrin uzun illərdir icra edilməməsi, pis rəftar və işgəncə hallarının davam etməsi vurğulanır.

Pis rəftarın araşdırılmasına nəzarəti artırmaq üçün əhəmiyyətli təkmilləşdirməyə ehtiyac olduğunu qeyd edən Nazirlər Komitəsi, hakimiyyət orqanlarını uzun sürən istintaq və məhkəmə proseslərinin əsas səbəblərini aradan qaldırmağa, bu istiqamətdə köklü islahatlara getməyə çağırıb.

Komitə vurğulayır ki, Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə polis nəzarətində pis rəftara “sıfır dözümlülük”lə bağlı güclü mesaj verməlidir.

SEE ALSO: AŞPA Prezidenti Azərbaycanın işgəncələr əleyhinə komitə ilə əməkdaşlığı dayandırmasından narahatlıq ifadə edib

“Makuçyan və Minasyan Azərbaycana qarşı” işin gəldikdə, Macarıstanda erməni zabiti qətlə yetirdiyinə görə məhkum edilən Ramil Səfərovun Azərbaycana ekstradisiya edildikdən sonra əfv edilməsi və “qəhrəman kimi qarşılanması” ilə bağlıdır.

Avropa Məhkəməsi müəyyən edib ki, Azərbaycan Səfərovu məhz erməni əsilli birinə qarşı cinayət törətdiyi üçün onu törətdiyi cinayətə görə cəzasız qoyub, şəxslərin həyatına qarşı cinayətlərin qarşısını almaq öhdəliyini pozub. Ərizəçi tərəf Səfərovun əfv edilməsi ilə bağlı prezident sərəncamının ləğv edilməsini və ya alternativ olaraq Azərbaycan məhkəmələrinin prezidentin sərəncamına baxmasını istəyir.

Azərbaycan tərəfi pozuntunu tanıdığını və kompensasiya ödəyəcəyini bildirib. Hökumət ədalətli kompensasiya, o cümlədən pozuntunun etiraf edilməsini ədalətin bərpası üçün yetərli hesab edir.

Komitənin qərarında hökuməti müəyyən edilən təzminatı ərizəçilərin nümayəndələrinə ödəməyə, törətdiyi cinayəti nəzərə alaraq Səfərova verilmiş imtiyazları ləğv etməyə, ümumilikdə isə etnik motivli nifrətin qarşısını almaq və onunla mübarizə aparmaq üçün əlavə qanunvericilik dəyişikliklərini nəzərdən keçirməyə çağırıb.

Nəhayət, “Sarqsyan Azərbaycana qarşı” işi Birinci Qarabağ Müharibəsi dövründə indiki Goranboy rayonunun Gülüstan kəndində yaşayan erməni əsilli qaçqının mülkiyyət hüquqlarına aiddir. AİHM 2017-ci ildə qərara alıb ki, Azərbaycan ərizəçinin varislərinə kompensasiya ödəməlidir. Lakin bu qərar icra olunmayıb.

Nazirlər Komitəsinin qərarında Azərbaycan hakimiyyətini ya Anlaşma Memorandumunun layihəsinə baxılmasını tez bir zamanda başa çatdırmağa və onu imzalamağa hazır olduğunu təsdiq etməyə, ya da AİHM qərarında müəyyən edilmiş təzminatı ödəməyə təşviq edir.

Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası üzv ölkələr üçün məcburidir. Nazirlər Komitəsi milli hakimiyyət orqanları, ərizəçilər, QHT-lər və digər maraqlı tərəflər tərəfindən təqdim edilən məlumatlar əsasında qərarların icrasına nəzarət edir.

Hazırda Azərbaycanla bağlı Nazirlər Komitəsinin icraatında olan 300-dən artıq məhkəmə qərarı var.