Həbsdə olan ictimai fəalın aldığı xəsarətlərdən əziyyət çəkdiyi bildirilir

Nicat İbrahim (Mənbə: Sosial şəbəkə)

Həbsdə olan ictimai fəal Nicat İbrahim istintaq zamanı və təcridxanada olarkən özünə qəsd etməklə intihara cəhd etməsi zamanı aldığı xəsarətlərdən əziyyət çəkir.

Bu barədə dekabrın 5-də onunla telefon danışığından sonra həyat yoldaşı Pərvin İbrahim Amerikanın Səsinə bildirib.

“Nicat dedi ki, boğazındakı tikişləri söküblər. Möhkəm şiş var. Boğaz nahiyyəsində qan laxtası qaldığı üçün həkim yenidən qan laxtasını çəkib. Möhkəm ağrıları var. Vəziyyəti yaxşı deyil. Qulaqları möhkəm şişib, boynunu sağa-sola çox döndərə bilmir. Yüksək qan təzyiqindən əziyyət çəkir. Nəfəs darlığı var. Nicatın heç bir cinayət törətmədiyi halda saxlanılaraq ölümə tərk edilməsi çox acınacaqlı və ədalətsizlikdir”, o qeyd edib.

Həyat yoldaşının dediyinə görə, Nicat İbrahimin səbri, dözümü qalmayıb və o noyabrın 20-də əlindəki şüşə parçası ilə qulaqlarını, boğazını, hər yerini doğrayaraq intihara cəhd edib.

Pərvin İbrahim deyir ki, bundan öncə sentyabrın 9-da həbs olunan zaman həyat yoldaşına qarşı polis tərəfindən zorakılıq törədilməsinə etiraz olaraq boğazını doğrayaraq intihara cəhd etməsi ilə bağlı araşdırma aparılmayıb.

Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Nicat İbrahimin tələbləri Penitensiar Xidmətə aid deyil.

"Onun özünə xəsarət yetirməsi məsələsinə gəlincə, bu barədə aidiyyatı üzrə məlumat göndərilib və araşdırılır", Penitensiar Xidmətin cavabında deyilir.

Sentyabrın 6-da Nicat İbrahimi Bakı Beynəlxalq Hava Limanının sərhəd keçid məntəqəsindən buraxmayıblar. Ona bildiriblər ki, Daxili İşlər Nazirliyi ölkədən xaricə çıxışına qadağa qoyub. Onun həyat yoldaşı və iki uşağı sərhəd keçid məntəqəsini keçərək Kişinyova gedib.

Bundan sonra Nicat İbrahim Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edərək bildirib ki, məhkəmənin onun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi barədə qərarı var.

"Əgər onun ölkədən çıxışına qoyulmuş qadağa götürülməsə, Daxili İşlər Nazirliyinin binası qarşısında özünü yandıracaq. Bundan sonra o, sentyabrın 9-da yanacaqdoldurma məntəqəsində olanda bir nəfər onu vurub. Nicat yıxılıb. Dərhal polislər onun gözünü bağlayaraq saxlayıblar", vəkil Zibeydə Sadıqova bildirib.

Sentyabrın 9-da Nicat İbrahim Nəsimi Rayon Polis İdarəsində ittihamı qəbul etmədiyi üçün fiziki zorakılığa məruz qalıb.

"O, etiraz olaraq polis idarəsində stolun üzərində olan kağız kəsmək üçün istifadə edilən alətlə boğazını kəsməklə intihara cəhd edib. Halı pisləşdiyindən həkimə aparıblar. Boğazının kəsilmiş nahiyəsinə 17 tikiş qoyublar. Bundan sonra Bakı şəhər Nəsimi Rayon Məhkəməsi Nicat barədə həbs qətimkan tədbiri seçib və onu Kürdəxanı həbsxanasına (1 saylı Bakı İstintaq Təcridxanası-red) aparıblar", Nicat İbrahimin həyat yoldaşı Pərvin İbrahim Amerikanın Səsinə deyib.

Pərvin İbrahin deyib ki, həyat yoldaşı intihara cəhd etdiyi zaman boğazına, qulağına və əlinə yetirdiyi bıçaq zərbələrinin yerlərində kəskin ağrılar baş qaldırıb. Əl barmağının vətəri kəsildiyindən barmaqlarından biri işləmir.

İctimai fəal barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Sentyabrın 9-da Nəsimi rayon Məhkəməsi fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

İttiham sübut olunsa, Nicat İbrahimi 8 ilədək həbs gözləyir.

Bundan öncə, Nicat İbrahim 2021-ci il martın 5-də Bakının Nəsimi rayon Məhkəməsinin hökmü ilə 1 il 3 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.

Nicat İbrahim 2020-ci il iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb.

Məhkəmədə son sözündə İbrahim günahsız olduğunu, heç vaxt koronavirusa yoluxmadığını, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.

Nicat İbrahim ictimai fəaldır. O, sosial şəbəkələrdə çoxsaylı tənqidi statusları ilə hökuməti tənqid edib.

İbrahim bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.

Azərbaycanda son illərdə bir neçə fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsa da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olunanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov, hökumətin siyasətini tənqidləri ilə tanınan keçmiş diplomat Emin İbrahimov, jurnalist Rza Səfərsoy da var. Dekabrın 3-də isə hüquq müdafiəçisi Rüfət Səfərov buna oxşar hadisə ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.